MƏDƏNİYYƏT
AZƏRBAYCAN YUNESKO-NUN KOMİTƏLƏRİNƏ ÜZV SEÇİLMİŞDİR
“Mədəni irsin dağıdılmasının qarşısının alınması” məsələsinə həsr olunmuş yığıncaqda çıxış etmiş nazir müavini Ermənistanın təcavüzü nəticəsində ölkəmizdə 927 kitabxananın, 4 şəkil qalereyasının, 4 dövlət teatrının, 22 muzeyin dağıdıldığını, işğal olunmuş ərazilərimizdə 547 memarlıq abidəsinin, (o cümlədən dünya əhəmiyyətli 5 abidənin), rəsm əsərlərinin, xalçaların və digər əşyaların ermənilər tərəfindən məhv edildiyini və mənimsənildiyini, Şuşada Azərbaycan şairi Molla Pənah Vaqifin türbəsinin, Natəvan, Üzeyir Hacıbəyov və Bülbül kimi görkəmli şəxsiyyətlərin büstlərinin gülləyə tutulduğunu, respublikamızın ərazisindəki tarixi alban abidələrinin erməniləşdirildiyini vurğulayaraq, YUNESKO rəhbərliyini bu məsələyə xüsusi diqqət yetirməyə çağırmışdır.
S.Məmmədəliyeva YUNESKO-nun irs departamentinin rəhbəri F.Banderini ilə görüşmüşdür. F.Banderini Qobustan qayaüstü təsvirlərinin gələn ilin iyul ayında YUNESKO-nun Dünyanın mədəni irs siyahısına daxil ediləcəyindən, payızda isə qayaüstü rəsmlərlə bağlı ümumdünya forumunun Bakıda keçiriləcəyindən söhbət açmış, YUNESKO-nun dəstəyi ilə Azərbaycanın GUÖAM ölkələri arasında mədəni observatoriya - müşahidə məntəqəsi yaratmaq barədəki layihəsini bəyəndiyini və bunun müzakirə olunacağını bildirdi.
Azərbaycan Milli Elmlər Akademiyasının təqdimatı əsasında, görkəmli alim Yusif Məmmədəliyevin anadan olmasının 100 illiyinin 2005-ci ildə YUNESKO səviyyəsində qeyd edilməsi qərara alınmışdır.
Xatırladaq ki, Azərbaycan 32-ci Baş konfransın başlanğıcında yığıncağı aparmış sədrin müavini və idarə orqanlarının birinə - səlahiyyətlər komitəsinə üzv seçilmişdir. İşgüzar orqanlara seçki zamanı 5 ölkə arasından ikisi hüquq və silahlı münaqişə zamanı qeyri-qanuni mənimsənilmiş mədəni dəyərlərin geri qaytarılması komitələrinə üzv seçilməli idi. Azərbaycan səsvermə zamanı ən çox səs toplamışdır.
YUNESKO kimi çox nüfuzlu təşkilatda ölkəmizin imicinin getdikcə artmasında Azərbaycanın bu qurum yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynovanın böyük xidməti var.