RƏSMİ XRONİKA


AZƏRBAYCAN- ÇİN: ƏLAQƏLƏRİN İNKİŞAF ETDİRMƏYİN YENİ PERSPEKTİVLƏRİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEVİN ÇİN XALQ RESPUBLİKASINA RƏSMİ SƏFƏRİ

Azərbaycan Prezidenti Heydər Əliyev ÇXR sədri Tszyan Tszeminin dəvəti ilə martın 6-da axşamdan keçmiş Bakıdan Pekinə beş günlük rəsmi səfərə yola düşmüşdür. Paytaxtın Binə aeroportunda respublikanın rəhbərini Ali Sovetin sədri Rəsul Quliyev, Baş nazir Surət Hüseynov, digər rəsmi şəxslər yola salmışlar.

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və onu müşayiət edən şəxslər Pekinə gəlmişlər. Bu, Azərbaycan dövlət başçısının Çinə ilk səfəridir.

Elə həmin gün Azərbaycan Prezidentinin təntənəli surətdə rəsmi qarşılanması mərasimi olmuşdur. Mərasim qurtardıqdan sonra Prezident Çin dövlətinin başçısı Tszyan Tszeminlə danışıqlara başlamışdır.

DOSTLUQ MÜNASİBƏTLƏRİNİN İNKİŞAF ETDİRİLMƏSİNİN

ƏSASLARI HAQQINDA BİRGƏ BƏYANAT İMZALANMIŞDIR

ÇXR sədri Tszyan Tszemin Azərbaycan Prezidenti Heydər Əliyevlə danışıqlarda bildirmişdir: “Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət verir və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün onunla birlikdə səy göstərməyə hazırdır”.

Tszyan Tszemin qeyd etmişdir ki, iki ölkə arasında əlaqələrin 2000 ildən çox tarixi var və bu tarixin kökləri “İpək Yolu” dövrlərinə gedib çıxır. Çin xalqı Azərbaycan xalqına daim dostluq hissləri bəsləyir.

Çin rəhbərinin dediyi kimi, Azərbaycanın istiqlaliyyətinin elan olunması və Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Bu əlaqələr sabit və sağlam əsasda inkişaf edir. O, beynəlxalq işlərdə, o cümlədən BMT çərçivəsində tərəflərin qarşılıqlı fəaliyyətini gücləndirməyin mümkün olduğunu da söyləmişdir. Xatırladaq ki, Çin BMT Təhlükəsizlik Şurasının üzvüdür.

ÇXR sədri Qarabağ münaqişəsinin daim gücləndirilməsindən ciddi narahat olduğunu bildirmişdir. Tszyan Tszemin demişdir: “Çoxlu insan tələfatına və maddi itkilərə gətirib çıxaran bu münaqişənin davam etdirilməsi hər iki tərəf üçün sərfəli deyildir. Biz ürəkdən arzu edirik ki, Azərbaycan və Ermənistan mübahisəni sülh danışıqları yolu ilə bacardıqca tez bir vaxtda nizama salsınlar”.

Öz tərəfindən, Heydər Əliyev Çinin beynəlxalq siyasi və iqtisadi işlərdə böyük rol oynadığını və islahatlar keçirilməsində Çinin təcrübəsinin öyrənilməsinə Azərbaycanın maraq göstərdiyini qeyd etmişdir.

Hər iki ölkənin rəhbərləri belə bir yekdil fikir söyləmişlər ki, dövlətlərarası münasibətlər dinc yanaşı yaşamağın beş prinsipi əsasında qurulmalıdır.

Elə həmin gün Tszyan Tszemin və Heydər Əliyev ÇXR ilə Azərbaycan arasında dostluq münasibətlərinin inkişaf etdirilməsinin əsasları haqqında birgə bəyanat imzalamışlar. İki ölkə arasında hava yolunun açılması haqqında, elmi texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər də bağlanmışdır.

Martın 8-də Heydər Əliyev ÇXR Dövlət Şurasının Baş naziri Li Penlə görüşmüşdür. Görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif cəhətlərinə, habelə Azərbaycanda və bütövlükdə bölgədə vəziyyətlə bağlı məsələlərə toxunulmuşdur.

PEKİNDƏ MƏTBUAT KONFRANSI

Çin rəhbərliyi dövlətlərin sərhədlərinin zorakılıqla dəyişdirilməsinin və onların ərazi bütövlüyünə qəsd olunmasının yolverilməzliyi barədə öz qəti mövqeyini təsdiq etmişdir. Belə mövqe Bakı üçün son dərəcə vacibdir. Bunu Azərbaycan Prezidenti Heydər Əliyev martın 8-də Pekində keçirilən mətbuat konfransında çıxış edərək bildirmişdir.

O qeyd etmişdir ki, iki ölkənin ali rəhbərliyi səviyyəsində xoş münasibətlər yaradılmasına imkan verən bu səfər Çin və öz tarixində çətin dövr keçirən Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni perspektivlər açmışdır. Azərbaycan Prezidenti demişdir: “Biz beynəlxalq iqtisadi sistemdə və dünya siyasətində Çinin mühüm yer tutduğunu nəzərə alaraq buna olduqca böyük əhəmiyyət veririk”.

Heydər Əliyev qeyd etmişdir ki, ÇXR sədri Tszyan Tszeminlə danışıqlar və ÇXR Dövlət Şurasının Baş naziri Li Penlə söhbət respublikada və bütövlükdə bölgədə vəziyyət barəsində ən əvvəl erməni-azərbaycanlı silahlı münaqişəsi barədə ətraflı danışmağa imkan vermişdir.

Prezident bildirmişdir ki, Azərbaycan müharibə istəmir və hərbi əməliyyatların dayandırılmasına çalışır, münaqişənin sülh yolu ilə aradan qaldırılması uğrunda çıxış edir. Erməni silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və sərhədlərinin toxunulmazlığı labüd şərtlərdir. O, Dağlıq Qarabağın statusuna yenidən baxılmasının mümkünlüyünü həmin şərtlərin yerinə yetirilməsi ilə bağlamışdır.

Martın 9-da Azərbaycan Prezidenti təyyarə ilə Şanxaya getmişdir. Azərbaycan dövləti başçısının ÇXR-ə rəsmi səfəri davam edir.

Aslan Aslanov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin