SİYASƏT
“AZƏRBAYCAN - YURDUM MƏNİM”
AZADLIQ MEYDANINDA BAYRAM KONSERTİ
Düz 5 ildən sonra - oktyabrın 31-də paytaxtın bayramsayağı bəzədilmiş baş meydanı yenidən on minlərlə adamı qoynuna alıb, dəniz kimi coşub-daşırdı. Həmin gün burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasiminə həsr olunmuş “Azərbaycan - yurdum mənim” devizi ilə böyük bayram konserti təşkil olunmuşdu. Konsert başlanmazdan xeyli əvvəl “Hökumət evi”nin qarşısında qurulmuş səhnədəki səsgücləndiricilərdən ətrafa şən musiqi sədaları yayılırdı. Projektorların qaranlıq səmada kəsişən şüaları ecazkar bir aləm yaradırdı. Meydanda baş verənləri “Hökumət evi”nin binasından asılmış böyük ekranda da izləmək mümkün idi.
Saat 19.20 dəqiqədə aparıcının səsi meydana yayıldı: Gözün aydın, Azərbaycan! Xalqımız bu dəfə də doğru seçim etdi - o, ən layiqli namizəd İlham Heydər oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi...
Sonra səhnə tanınmış musiqiçilərin və incəsənət xadimlərinin ixtiyarına verildi. “El aşıqları” ansamblı, “Lalə” qızlar ansamblı, Ağadadaş Ağayev, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Mələkxanım Əyyubova, Polad Bülbüloğlu, İlhamə, Nüşabə Ələsgərli, Aygün Kazımova və başqaları gözəl mahnılarla çıxış etdilər, rəqs ustaları öz məharətlərini göstərdilər. Aktyorların ifasında Vətən, torpaq haqqında şerlər səsləndi.
Konsert gecədən xeyli keçmiş bayram atəşfəşanlığı ilə başa çatdı.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi, rejissoru Natiq Cavadzadə olan bayram konserti AzTV və “Lider” televiziyası ilə birbaşa yayımlanırdı.