İQTİSADİYYAT
“AZƏRENERJİ” ABB KONSERNİNİN STRATEJİ TƏRƏFDAŞIDIR
ABB-nin ölkəmizdəki mühüm və ən uzunmüddətli tərəfdaşı “Azərenerji” Səhmdar Cəmiyyətidir. Onunla birgə əməkdaşlıq şəraitində iki iri enerji layihəsi işlənilmişdir. Onların gerçəkləşdirilməsi Abşeron yarımadasının elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmağa imkan vermişdir. Söhbət “Şimal” DRES-in və 1 nömrəli Bakı İEM-in yenidən qurulmasından gedir. ABB sonuncu dəfə 53 meqavat gücündə qaz-turbin qurğusunun (QTQ) tikintisi üçün elan olunmuş böyük müsabiqədə qalib gəlmişdir. QTQ-nin inşasına dair işlər Bakıdakı bu köhnə elektrik stansiyanın yenidən qurulmasının təşəbbüsçüsü olan Prezident Heydər Əliyevin iştirakı ilə 1998-ci ildə başlanmışdır. Layihənin uğurla gerçəkləşdirilməsi 1 nömrəli Bakı İEM-də ikinci belə QTQ-nun tikintisinə dair danışıqların başlanmasına yol açmışdır.
Hazırda 1 nömrəli Bakı İEM-in yaxınlıqdakı neft emalı zavodlarını, digər sənaye obyektlərini və paytaxtımızın əhalisini elektrik enerjisi ilə etibarlı təmin edən hər iki bloku uğurla fəaliyyət göstərir.
Yaponiyanın Mitsui və Mitsubişi şirkətləri alyansı “Şimal” DRES-in ərazisində MDB məkanında bənzəri olmayan 400 meqavat gücündə buxar-qaz qurğusu tikmişdir. ABB konserni burada 110 kilovoltluq yardımçı stansiya inşa etmiş və müdafiə sisteminin və teleinformasiyanın gətirilməsini həyata keçirmişdir.
ABB konserni Azərbaycandakı fəaliyyəti ərzində İşğaldan Azad Olunmuş Ərazilərin Bərpası və Yenidən Qurulması Agentliyi üçün kompleks-transformator yardımçı stansiyasının, habelə “Barmek-Azərbaycan” Birgə Müəssisəsi, “Baku Stil Kompani” Səhmdar Cəmiyyəti, Mingəçevir DRES üçün müxtəlif elektrik avadanlığının gətirilməsi layihələrini həyata keçirmişdir. Bundan əlavə, konsern “Şimal” DRES-də ikinci buxar-qaz qurğusunun tikintisi layihəsi çərçivəsində yardımçı stansiyanın və elektrikötürmə xətlərinin, 330 kilovoltluq “Xaçmaz” yardımçı stansiyasının tikintisində iştirak etməkdə maraqlıdır. ABB “Azərenerji”nin bu yaxınlarda Sumqayıtda gerçəkləşdirməyə başlayacağı 400-500 meqavatlıq müasir buxar-qaz qurğusunun tikintisində də iştirak etmək niyyətindədir.
Bakıda şirkətin gətirdiyi elektrik avadanlığının, müdafiə sistemlərinin və teleinformasiyanın təmiri üzrə servis mərkəzinin açılması da planlaşdırılır. Bu, konsernin gerçəkləşdirdiyi layihələr çərçivəsində avadanlığa xidməti xeyli ucuzlaşdırmağa və bazarda rəqabət qabiliyyətini artırmağa imkan verəcəkdir.
ABB biznesin inkişafı üçün perspektivli olan yeni layihələrin alınması və yerinə yetirilməsi məqsədi ilə Azərbaycanda fəaliyyətini daha da gücləndirmək niyyətindədir.