İQTİSADİYYAT
“AZƏRENERJİ” ASC-DƏ MÜŞAVİRƏ
ASC-nin prezidenti Etibar Pirverdiyev tədbirdə çıxış edərək sahənin uğurlu inkişafından, ölkədə modul tipli müasir beş elektrik stansiyasının eyni zamanda inşa edilməsindən, köhnə ittifaq məkanında heç bir dövlətdə energetika obyektlərinin tikintisi sahəsində belə halın olmamasından, bu irimiqyaslı işin yalnız dövlətimizin başçısının təşəbbüsü və vacib sahəyə yüksək peşəkarlıqla yanaşması, iqtisadiyyatın spesifik xüsusiyyətlərinə dərindən bələd olması, generasiya potensialının artırılmasına böyük diqqət verməsi sayəsində həyata keçirildiyini vurğulamışdır.
Natiq istehlak olunan elektrik enerjisinin nəql edilməsi və onun abonentlərə keyfiyyətlə çatdırılması üçün yüksəkgərginlikli elektrikötürücü xətlərinin çəkilməsinin, istehlak olunan enerjinin haqqının tam yığılmasının vacibliyini də qeyd etmişdir.
E.Pirverdiyev bəzi abonentlərin qanunları pozmasından, işlətdiyi enerji haqqını ödəməkdən boyun qaçırmaq üçün ölçü cihazlarını sıradan çıxarmaqla dövlətə külli miqdarda ziyan vurmasından da təəssüf hissi ilə danışmış, bütün qüvvələri belə mənfi hallara qarşı yönəltməyin zəruriliyini bildirmişdir.
Müşavirədə iştirak edən Azərbaycan Respublikası Baş Prokuroru Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin söbə rəisi Müqəddəs Sultanov da çıxışında bu vacib məsələdən danışaraq çoxplanlı təhqiqat tədbirlərinin nəticələrinə görə bir sıra qanun pozuntusu hallarının aşkar olunduğunu, milli energetika idarəsi rəhbərliyinin bu sahədə apardığı müsbət işi qeyd etmiş, hamını bu məsələdə əlbir olmağa çağırmışdır.
ASC prezidenti tədbirə yekun vuraraq qeyd etmişdir ki, ilin sonunadək hər yerdə sayğaclaşdırma işi başa çatdırılmalı, enerji haqqının ən qısa müddətdə tam şəkildə yığılması təmin olunmalıdır.