İQTİSADİYYAT
“AZƏRENERJİ” MƏSLƏHƏTÇİLƏR AXTARIR
“Azərenerji” səhmdar cəmiyyəti buxar-qaz qurğularının tikintisinə dair məsləhət xidmətləri göstərilməsində beynəlxalq təcrübəsi olan şirkətləri müəyyən etmək niyyətindədir.
SC-nin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, məsləhətçi firma Sumqayıtda yeni buxar-qaz qurğusunun tikintisinə dair layihə işlərində iştirak edəcəkdir.
400-500 mVt gücündə yeni qurğu hazırda fəaliyyət göstərməyən 1 və 2 nömrəli Sumqayıt İES-lərinin ərazisində tikiləcəkdir.
Xatırladaq ki, bir sıra tanınmış xarici şirkətlər bu layihəyə dair öz texniki və maliyyə təkliflərini irəli sürmüşlər. Onların arasında dünyada lider sayılan Almaniyanın “Siemens”, İsveçrənin “Alstom”, Türkiyənin “Enka”, Yaponiyanın “Nichemen” və “Mitsui” şirkətləri, habelə İsveçrə-İsveç ABB şirkəti də vardır.