SİYASƏT
AZƏRİ-ÇEX CƏMİYYƏTİ AZƏRBAYCANLI UŞAQLARA YARDIM GÖSTƏRİR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, Çexiya Respublikasında fəaliyyət göstərən Azəri-Çex Cəmiyyəti Azərbaycandakı əlil və kimsəsiz uşaqlara, məcburi köçkünlərə, eləcə də tibb müəssisələrinə yardım məqsədi ilə «Şri Çinmoy Sentr» Humanitar Mərkəzinin Praqa ofisindən müxtəlif növ multivitaminlər alıb gətirmişdir. Avropada istehsal olunmuş preparatların tərkibində insan orqanizmi üçün vacib vitaminlər, mineral maddələr və Jen-Şen ekstraktı vardır. Kimsəsiz uşaqlara hədiyyə kimi göstərilən «Paranqon» şirkətinin istehsalı olan rəngli qələmlərin tərkibində sağlamlıq üçün zərərli maddələr yoxdur. Ləvazimatlar Gəncə və Bakıdakı uşaq evlərinə veriləcəkdir.
Azəri-Çex Cəmiyyəti gələcəkdə Bakıdakı xəstəxanalara, tibbi müəssisələrə, təhsil ocaqlarına maddi-texniki yardım göstərmək niyyətindədir və bu istiqamətdə ardıcıl iş aparır.