İQTİSADİYYAT


“AZƏRİ-ÇIRAQ-GÜNƏŞLİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ İŞLƏR UĞURLA DAVAM ETDİRİLİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, aprelin 14-də “bp-Azərbaycan” şirkətinin prezidenti Devid Vudvord kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşmüşdür. 2004-cü ilin birinci rübü ərzində “Azəri-Çıraq-Günəşli” layihəsi çərçivəsində görülən və görüləcək işlər barədə ümumi məlumat verən D.Budvord bildirmişdir ki, ilin ilk üç ayında əməliyyat xərcləri üçün nəzərdə tutulan 90 milyon dollardan 20 milyon dolları, əsaslı xərclər üçün planlaşdırılmış 2 milyard 360 milyon dollardan isə 664 milyon dolları xərclənmişdir. Onun sözlərinə görə, cari ilin əvvəlindən bəri “Çıraq-1” platformasından çıxarılan xam neftin orta gündəlik hasilat həcmi proqnozlaşdırılan 125 min barrel əvəzinə, 129 min barrel təşkil etsə də, 2003-cü ilin eyni dövrü ilə müqayisədə hasilat bir qədər azalmışdır. Bu da hava şəraiti ilə əlaqədar yanvar–fevral aylarında Bosfor və Dardanel boğazlarında tankerlərin “ilişib” qalması, eləcə də, Supsa terminalından neftin vaxtında daşınmaması, eyni zamanda, “Mərkəzi Azəri” platformasını və Səngəçal terminalını “Çıraq-1” platforması ilə birləşdirən avadanlıqların quraşdırılması ilə bağlıdır.

Bütün bunlarla yanaşı, D. Vudvord layihə çərçivəsində “Azəri” yatağında, Səngəçal terminalı, Kürdəmir rayonundakı təmizləyici qurğu və Yevlax əsas nasos stansiyası və s. obyektlərdə tikintinin cədvəl üzrə uğurla davam etdirildiyini bildirmişdir. Şirkətin prezidenti cari ilin sentyabrında BTC-nin istifadəyə veriləcəyini, dekabrda, yaxud gələn ilin əvvəlində “Mərkəzi Azəri” platformasından ilk neftin nəql olunacağını əminliklə bildirmiş, eyni zamanda, ötən müddət ərzində əməyin təhlükəsizliyinin maksimum qorunduğunu, 10 milyon adam-saat iş görüldüyünü, lakin heç bir qəza hadisəsinin baş vermədiyini xüsusi olaraq vurğulamışdır. O, Gürcüstan və Türkiyə ərazilərində də kəmərin inşasının uğurla aparıldığını və ciddi maneənin olmadığını da demişdir.

“Şahdəniz” layihəsi üzrə vitse-prezident Rob Kelli və əməliyyatlar üzrə vitse-prezident Nil MakKleərinin verdikləri məlumatlara görə, “Şahdəniz” qaz-kondensat yatağında rüb ərzində görülmüş işlərə 341 milyon dollar vəsait xərclənmişdir. Bütövlükdə 2004-cü il üçün 1 milyard 81 milyon dollar vəsait ayrılmışdır.

Hazırda Zığ tikinti–quraşdırma sahəsinin modernləşdirilməsi işi davam edir. 500-dən artıq adamın çalışdığı bu sahədə TPG-500 tipli hasilat platformasının dayaq hissəsi quraşdırılır. Platformanın gövdəsi və üst modulları elə burada vahid bir qurğu kimi yığılacaqdır. Yataqda isə artıq üçüncü quyunun qazılmasına başlanmışdır. Orada suyun dərinliyi 101 metrə çatır.

Vitse-prezidentlər bildirmişlər ki, qaz kəməri üçün boruların ilk dəsti yanvarın sonunda Azərbaycana çatdırılmışdır. Kəmərin Azərbaycan ərazisindən keçəcək 442 kilometrlik hissəsinə lazım olan təxminən 38 min boru ilin sonunadək gəmilərlə gətiriləcəkdir. Şirkət iyunun axırlarında kəmərin tikintisinə başlamağı planlaşdırmışdır.

Görüşün sonunda şirkətin rəhbərləri jurnalistlərin suallarına cavab vermişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.