MƏDƏNİYYƏT
AZƏRTAC 72 saxlama vahidi kinosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verib
Bakı, 6 noyabr, AZƏRTAC
Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən 72 saxlama vahidi kinosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) tərəfindən Dövlət Kino–Foto Sənədləri Arxivinə təhvil verilən kinosənədlər dövlətimizin başçısının 2020–ci il ərzində (noyabr ayının ilk günləri də daxil olmaqla) fəaliyyətini – xarici ölkələrə rəsmi və işgüzar səfərlərini, rəsmi qəbullarını və görüşlərini, respublikanın rayon və şəhərlərinə səfərlərini, Bakı şəhərinin rayonlarında, Abşeron rayonunun qəsəbə və kəndlərində dövlət sifarişi ilə aparılan bərpa–quruculuq işləri ilə tanışlığını, yerli və xarici media qurumlarının nümayəndələrinə verdiyi müsahibələri, xarici ölkələrin dövlət və hökumət başçıları, nümayəndə heyətləri ilə görüşlərini, yerli və beynəlxalq səviyyədə keçirilən tədbirlərdə, konfranslarda iştirakını və çıxışını, yeni istifadəyə verilən və ya əsaslı şəkildə yenidən qurulan müxtəlif fəaliyyət sahələrinə aid olan istehsal və emal müəssisələrinin, zavod və fabriklərin istifadəyə verilməsi tədbirlərində iştirakını əks etdirir.
Sözügedən sənədlər içərisində yer alan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin təcavüzkar Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş doğma torpaqlarımızın, rayonlarımızın, şəhər, qəsəbə və kəndlərimizin şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi haqqında xəbərlərin şəxsən Azərbaycan xalqına televiziya vasitəsilə çatdırmasını, həmçinin Vətən müharibəsi haqqında birbaşa müraciətlərini əks etdirən kinosənədlər Milli Arxiv Fondu üçün qiymətli sənəd növü kimi xüsusi əhəmiyyətə malikdir.