İDMAN
AZƏRTAC “Bakı-2017”ni ən yaxşı işıqlandıran informasiya agentliyi hesab edilib VİDEO
Bakı, 31 may, AZƏRTAC
Mayın 31-də Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı keçirilən “Zəfər günləri” adlı xüsusi tədbirlərin işıqlandırılmasında fəal iştirak edən media nümayəndələri, eləcə də yarışların təşkilində fəallıq göstərən könüllülər mükafatlandırılıblar. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının “Zəfər günləri”nin işıqlandırılmasında “Ən yaxşı informasiya agentliyi” nominasiyası üzrə qalib gəldiyinə görə təltif olunub.
AZƏRTAC xəbər verir ki, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarında əldə etdikləri nailiyyətlərdən söz açıb. “Bakı-2017”nin uğurla başa çatdığını vurğulayan Ç.Hüseynzadə deyib: “Bu Oyunlar Azərbaycan üçün zəfər bayramı oldu. İslamiadada 162 medal qazandıq. Azərbaycan ümumi komanda hesabında birinci yeri tutdu. Bu qələbə bir daha göstərdi ki, Azərbaycan İslam ölkələri sırasında liderliyə yüksəlib”. O, IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətinin ictimaiyyətə dolğun şəkildə çatdırılmasında və idmançılarımızın tanıdılmasında jurnalistlərinin zəhmətini yüksək dəyərləndirərək onlara təşəkkürünü bildirib.
Ç.Hüseynzadə, həmçinin İslamiadanın yüksək səviyyədə təşkilinə görə MOK-un prezidenti, dövlətimizin başçısı İlham Əliyevə, Azərbaycanın Birinci vitse-prezidenti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. O deyib: “Bütün bu uğurlar MOK-un prezidenti, ölkə başçısı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan Prezidenti bu Oyunların möhtəşəm keçirilməsi üçün lazımi şərait yaratdı”.
Sonra könüllülərə, media qurumlarına diplomlar, pul mükafatları və MOK-un xüsusi hədiyyələri təqdim edilib.