SİYASƏT
AZƏRTAC İƏT-in media qurumunun jurnalist hazırlığı üzrə regional mərkəzlərindən biri ola bilər VİDEO
Bakı, 3 oktyabr, AZƏRTAC
AZƏRTAC Beynəlxalq İslam Xəbərlər Agentliyinin (İİNA) təşkil etdiyi jurnalist hazırlığı kurslarının regional mərkəzlərindən biri ola bilər.
Bununla bağlı fikir İİNA-nın xəbərlər departamentinin rəhbəri Zayed Sultan Abdulla ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.
Baş direktor Aslan Aslanov qeyd edib ki, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə əlaqələrə böyük önəm verir və oktyabrın 3-də Bakıda İƏT-ə üzv Dövlətlərin Jurnalistlər Assosiasiyasının niyyət konfransının keçirilməsi ölkəmizin bu münasibətləri daha da genişləndirmək marağından irəli gəlir. Bildirilib ki, AZƏRTAC İƏT-in rəsmi media orqanı olan İİNA ilə mütəmadi informasiya mübadiləsi aparır, agentliyin ərəb və ingilis dillərində xəbərləri bu təşkilatın saytında yerləşdirilir. AZƏRTAC Azərbaycan haqqında məlumatların 50-dən çox üzv agentlik arasında yayılmasını yüksək qiymətləndirir.
AZƏRTAC-ın ərəb dilində xəbərlər yaymasının onlar üçün böyük önəm daşıdığını deyən Zayed Sultan Abdulla agentliyin videolarının da təşkilatın platforması vasitəsilə yaymağa hazır olduqlarını qeyd edib. “Biz AZƏRTAC-ın ərəb dilində informasiya şöbəsinə lazımi dəstək göstərməyə hazırıq. Eyni zamanda, agentliyi İİNA-da fəaliyyət göstərən jurnalist hazırlığı mərkəzinin işində iştiraka dəvət edirik. AZƏRTAC bu kursların təşkil olunacağı regional mərkəzlərdən biri ola bilər”, - deyə o bildirib. Zayed Sultan Abdulla yaxın vaxtlarda təşkilatın baş assambleyasının keçiriləcəyini və AZƏRTAC-ın da üzv agentlik kimi bu tədbirdə iştirakından məmnun olacaqlarını deyib.
Görüşdə İİNA rəhbərliyinin və bu quruma üzv agentliklərin 2016-cı il noyabrın 15-18-də Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresində iştirakı məsələsi və əməkdaşlığın digər perspektiv istiqamətləri müzakirə olunub.