CƏMİYYƏT
AZƏRTAC Türkiyədə keçirilən beynəlxalq treninqdə təmsil olunub
Ankara, 17 fevral, AZƏRTAC
Fevralın 16-da Ankarada, Anadolu Agentliyinin (AA) baş ofisində Türkiyə İnkişaf və Koordinasiya Agentliyi (TİKA) və AA tərəfindən təşkil edilmiş “Diplomatik müxbir” beynəlxalq treninqinin iştirakçılarına sertifikatlar təqdim edilməsi mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil layihələri üzrə əlaqələndirici Mustafa Haşim Polat, Beynəlxalq Akkreditə şöbəsinin rəhbəri Ural Yeşil, Xəbərlər Akademiyasının əlaqələndiricisinin köməkçiləri Hayri Çetinkuş və Ertan Daştan iştirak ediblər.
Hayri Çetinkuş bildirib ki, Ankarada təşkil edilmiş “Diplomatik müxbir” treninqi fevralın 4-dən 16-dək davam edib.
Diplomatik jurnalistika sahəsində reportyorlar üçün hazırlıq kurslarında Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Monqolustan, Gürcüstan və Ukraynanı təmsil edən 24 jurnalist iştirak edib.
Bu kurslar Mərkəzi Asiya və Qafqaz ölkələrindən olan reportyorlara diplomatik jurnalistika sahəsində vahid şəbəkə formalaşdırmaq imkanı yaradıb. Proqramın iştirakçılarına Türkiyənin regional siyasəti barədə də məlumat verilib.
Mustafa Haşim Polat bildirib ki, TİKA dünyanın yüzdən çox ölkəsi ilə müxtəlif sahələrdə, o cümlədən təhsil layihələrinin həyata keçirilməsi və mütəxəssislərin ixtisas səviyyəsinin artırılması üzrə əməkdaşlıq edir. Onun sözlərinə görə, bu cür layihələr davam etdiriləcək.
Ural Yeşil vurğulayıb ki, proqramın əsas məqsədi beynəlxalq siyasətin mühüm istiqamətləri ilə tanış olan, diplomatiya və energetika sahəsində baş verən hadisələrdən xəbərdar olan reportyorlar hazırlamaq idi. O deyib: “Ümidvarıq ki, bu treninq jurnalistlərin Mərkəzi Asiyada və Cənubi Qafqazda baş verən hadisələri daha səmərəli izləmələrinə kömək edəcək”.
Sonra AZƏRTAC-ın əməkdaşı Pərvanə Rəhimova treninqin iştirakçıları adından çıxış edərək bildirib ki, bu təlim proqramı diplomatiyaya aid bilikləri dərinləşdirməyə imkan verib. Proqram həm də bu treninqin müxtəlif ölkələrdən olan iştirakçıları arasında dostluq münasibətlərinin yaranmasına kömək edib.
Tədbirin sonunda Mustafa Haşim Polat və Ural Yeşil “Diplomatik müxbir” treninqinin iştirakçılarına sertifikatlar təqdim ediblər.