CƏMİYYƏT
AZƏRTAC “Xəzər mediaforumu-2016”nın foto müsabiqəsinin qalibi olub
Moskva, 24 sentyabr, AZƏRTAC
Həştərxanda keçirilən “Xəzər mediaforumu-2016” başa çatıb. Forumun axırıncı günü “Kaspiyskaya meçta-2016” Beynəlxalq jurnalist müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. Azərbaycan, Rusiya, Türkmənistan, İran və Qazaxıstan media nümayəndələri arasında keçirilən müsabiqədə AZƏRTAC-ın fotoqraflar kollektivi “Bakı buxtası” və “Xəzərin dalğaları” foto işlərinə görə “FotoKaspiya” nominasiyasının qalibi seçilib.
Qaliblər sırasında Azərbaycanın daha üç təmsilçisi də var: “ARB Aran” telekanalının baş direktoru İqbal Məmməliyev “Xəzər ideyalar dənizidir” , “Bakinski raboçi” qəzetinin əməkdaşı Rauf Nəsirov “Xəzər kruizi” nominasiyalarında qalib gəliblər. “Kaspi” qəzetinin nümayəndəsi Rauf Orucov Həştərxan vilayətinin xüsusi mükafatına layiq görülüb.
Bu il müsabiqəyə bütün nominasiyalar üzrə 97 iş təqdim olunub. İlk dəfə olaraq İran İslam Respublikasının jurnalistləri də müsabiqəyə qatılıb və bir neçə nominasiyada fərqləniblər. Müsabiqənin münsiflər heyətinin rəhbəri, Rusiya Federasiyası rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Aleksey Volodin tədbirdə çıxış edərək müsabiqə iştirakçılarının sıralarının ilbəil genişlənəcəyinə əminliyini bildirib.
Qaliblərə diplomlar və qiymətli hədiyyələr təqdim edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva