SİYASƏT


AZƏRTAC-da “Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Medianın İnkişafı Agentliyinin (MEDİA) və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və müstəqil Azərbaycan mediasının inkişafı” mövzusunda konfrans keçirilib.

Tədbirdən əvvəl Ulu Öndərin AZƏRTAC-ın binasının foyesindəki abidəsi önünə gül dəstələri qoyulub.

Konfrans Ümummilli Liderin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov Ulu Öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı əvəzolunmaz xidmətlərindən danışıb. Bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, dünyamiqyaslı dövlət xadimi, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev hələ sağlığında xalqımızın qəlbində özünə abidə ucaldıb.

“Ümummilli Liderimizin siyasi irsinin, dövlətçilik fəaliyyətinin tədqiqatçıları yaxşı bilirlər ki, çağdaş dünya tarixində mətbuatın cəmiyyətə təsir gücünü Heydər Əliyev qədər yüksək dəyərləndirən ikinci bir lider olmayıb. Ulu Öndər mətbuata həmişə, hətta sovet dövrünün ciddi senzura şəraitində böyük yaradıcılıq sərbəstliyi və demokratik mühitdə işləmək imkanı yaratmış, fikir və söz azadlığının himayədarı olmuş, mətbuatın nüfuzunun artmasına daim qayğı göstərmişdir”, - deyən Aslan Aslanov bildirib ki, ümummilli lider Heydər Əliyevin AZƏRTAC-ın qarşısında qoyduğu ən əsas tövsiyələrdən biri Azərbaycan reallıqları barədə məlumatların dünyaya çatdırılması, ölkənin qlobal informasiya məkanına çıxışının təmin edilməsi olub. Proqram xarakterli bu tövsiyə 20 ildən çoxdur ki, fəaliyyətimizin prioritet istiqamətlərindən birini təşkil edir.

Otuz il işğal altında saxlanılan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələnmiş 44 günlük Vətən müharibəsinin Azərbaycan tarixində xüsusi yer tutduğunu diqqətə çatdıran İdarə Heyətinin sədri deyib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə aparılan bu müharibə ölkə mətbuatı, o cümlədən AZƏRTAC üçün də bir sınaq olub. Mətbuatımız bu sınaqdan uğurla, mətinləşərək çıxıb. Vətən müharibəsində qazanılmış Qələbə regionda yeni reallıqlar yaradıb. Müasir dövrümüzdə dövlətimizin informasiya siyasəti də məhz bu reallıqlara və çağırışlara uyğunlaşdırılır. Yeniləşən cəmiyyətimizdə KİV-lərin yerinin və rolunun müəyyənləşdirilməsi, ölkə mediasının modernləşdirilməsi istiqamətində əsaslı islahatlar prosesinə start verilib.

Sonra çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov vurğulayıb ki, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılması, Azərbaycanda demokratik mətbuatın formalaşması və sürətli inkişafının təmin edilməsi ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Həmçinin Ulu Öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələrin aradan qaldırıldığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Əhməd İsmayılov qeyd edib ki, hazırda öz inkişafının mühüm mərhələsini yaşayan, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etmiş, qalib Azərbaycan Respublikasında iqtisadi potensialın gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Ulu öndər Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev media sahəsində müxtəlif xarakterli islahatların reallaşdırılması ilə bağlı müvafiq tapşırıqlar verib, bu sahənin daha da inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirib. Azərbaycan Prezidentinin modernləşmə kursu, cəmiyyət həyatının bütün sahələrində müşahidə olunan yeniləşmə, informasiyalı cəmiyyətə keçid, ölkəmizin dünya informasiya məkanına daxil olması dövlətin və cəmiyyətin qarşısında yeni vəzifələr qoyub. Azərbaycanda fikir, söz və məlumat azadlığı Prezident İlham Əliyevin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsidir.

Ümummilli Liderin həyat və fəaliyyətindən, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən bəhs edən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd edib ki, Heydər Əliyevin şəxsi keyfiyyətləri - əzmi, qətiyyəti, iradəsi, cəsarəti və uzaqgörənliyi onun Lider kimi yetişməsində vacib amillərdən olub. Milli Məclisin deputatı vurğulayıb ki, ulu öndər Heydər Əliyevin həyat yolu müstəqil Azərbaycanın güclənməsində, eləcə də savadlı, peşəkar və xalqını sevən gənclərin yetişməsində mühüm rol oynayıb.

Ulu Öndərin demokratiyanın mühüm prinsiplərindən olan söz və məlumat azadlığına, eləcə də medianın inkişafına diqqət və qayğısından söhbət açan Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Heydər Əliyevin mətbuata xalqın istək və amallarının, prinsip və ideyalarının ifadə meydanı kimi son dərəcə böyük dəyər verdiyini qeyd edib.

Konfransda çıxış edən TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman Heydər Əliyevin müasir tarixdə, həmçinin dünya tarixində misilsiz xidmətləri olduğunu vurğulayaraq, Ulu Öndərlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.

Sonda tanınmış jurnalist Tural Müseyibov ümummilli lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.