CƏMİYYƏT
AZƏRTAC-da gürcü jurnalistlərlə görüş olub
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Gürcüstanın aparıcı KİV-lərinin nümayəndələri ilə görüş olub. Tədbir “Report” informasiya agentliyi tərəfindən keçirilən mediatur çərçivəsində təşkil edilib.
AZƏRTAC xəbər verir ki, agentliyin müxtəlif redaksiyalarının əməkdaşlarının iştirak etdiyi görüşdə Cənubi Qafqazda münaqişə zonaları haqqında mötəbər informasiya alınması və KİV-lərin bu prosesdə rolu barədə fikir mübadiləsi aparılıb. Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlığının müxtəlif aspektləri müzakirə edilib, hər iki ölkə üçün əlamətdar hadisələrə - müstəqillik elan edilməsinin 100 illiyinə hazırlığın gedişi məsələlərinə toxunulub.
Gürcü jurnalistlərə AZƏRTAC-ın tarixi barədə məlumat verilib. Qeyd edilib ki, AZƏRTAC respublikanın aparıcı informasiya agentliyi, yerli və xarici KİV-lər üçün rəsmi dövlət informasiyasının yeganə mənbəyidir. Qonaqların diqqətinə çatdırılıb ki, bu informasiya agentliyi rəsmi məlumatlarla yanaşı, 7 dildə ictimai-siyasi və iqtisadi mövzulara, habelə elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ətraf mühit və başqa sahələrə aid etibarlı və operativ informasiya yaymaqla məşğuldur.
Gürcüstan KİV-lərinin nümayəndələri Ketevan Xositaşvili, Ketevan Xatiaşvili, Uça Kandelaki və başqaları azərbaycanlı həmkarları ilə təcrübə mübadiləsi aparmaqda maraqlı olduqlarını qeyd ediblər. Vurğulanıb ki, burada ortaq dəyərlər, coğrafi yaxınlıq, tarixi əlaqələr və sair amillər mühüm rol oynayır.
Hökumət ilə vətəndaş cəmiyyəti arasında körpü kimi xidmət edən KİV-lərin mühüm rolu qeyd edilib.
Səmimi dostluq şəraitində keçən görüşdə Azərbaycanın və Gürcüstanın media strukturları arasında əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb.