SİYASƏT
AZƏRTAC-da ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotosərgi açılıb VİDEO
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da AZƏRTAC-da ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar agentliyin arxivində qorunub saxlanılan fotoşəkillərdən ibarət sərgi açılıb.
Sərgidə Ümummilli Liderin zəngin həyat və fəaliyyətinin müxtəlif dövrlərini və mərhələlərini əks etdirən 70-dən çox fotoşəkil nümayiş olunur.
Əvvəlcə AZƏRTAC-ın kollektivi Ulu Öndərin agentlikdəki büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.
Sərginin açılışında çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib ki, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin banisi, Azərbaycanın XX əsrdə yetirdiyi ən dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ölkəmizdə və xaricdə geniş qeyd edilir. Mübarizələrlə dolu bütün mənalı ömrünü canından artıq sevdiyi xalqına, Vətəninin tərəqqisinə həsr edən ulu öndər Heydər Əliyevin tarixi xidmətləri minnətdarlıq hissi ilə xatırlanır. Ulu Öndər çıxışlarından birində deyirdi: “Mən həyatım boyu, bütün əmək fəaliyyətim dövründə ancaq xalq üçün, insanlar üçün düşünmüşəm, xalq üçün yaşamışam, insanlar üçün yaşamışam”.
Qeyd olunub ki, ölkəsinin tarixinin ən çətin, ağır dövründə xilaskarlıq missiyasını öz üzərinə götürən və bunu ləyaqətlə yerinə yetirən, Vətənini tərəqqi yoluna çıxaran və dünyada tanıdan şəxsiyyətlər o qədər çox deyil. Azərbaycan xalqı fəxr edə bilər ki, həmin dahilərin sırasında Heydər Əliyev kimi əfsanəvi şəxsiyyətin öz yeri, öz şöhrəti var. Bunu dünyanın tanınmış siyasətçiləri və görkəmli şəxsiyyətlərinin Ulu Öndər haqqında dedikləri fikirlər də təsdiqləyir. Baş direktor Türkiyənin IX Prezidenti Süleyman Dəmirəlin, Rusiya Prezidenti Vladimir Putinin, ABŞ-ın sabiq Prezidenti Corc Buşun, Fransanın sabiq Prezidenti Jak Şirakın, Böyük Britaniyanın sabiq Baş naziri Toni Bleyerin, Türkiyənin sabiq Baş naziri Bülənd Ecevitin, məşhur politoloq Zbiqnev Bjezinskinin və digər görkəmli insanların fikirlərindən sitatlar gətirib.
Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq dinamik inkişaf edən, dünyada söz sahibi olan ölkə kimi tanınır. Azərbaycanın multikulturalizm və tolerantlıq modeli bütün dünyada örnək kimi qəbul edilir. Cəbhə bölgəsində baş verən son hadisələr ölkəmizin regionda və dünyada güclü orduya malik olduğunu nümayiş etdirdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin qurduğu dövlətin parlaq uğurlarıdır.
Tədbirdə Ulu Öndərin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar AZƏRTAC-ın Həmkarlar İttifaqı Komitəsi tərəfindən keçirilmiş stolüstü oyunlar üzrə yarışların qaliblərinə diplomlar və mükafatlar təqdim edilib.
Sonra fotosərgiyə baxış keçirilib.
AZƏRTAC-ın binası önündə təqdim olunan sərgi paytaxt sakinləri üçün də açıqdır.