CƏMİYYƏT
AZƏRTAC dünya informasiya məkanında mövqelərini möhkəmləndirir VİDEO
Bakı, 28 fevral, AZƏRTAC
Fevralın 28-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) həmkarlar ittifaqı komitəsinin hesabat-seçki yığıncağı və agentliyin yaradılmasının 97-ci ildönümünə həsr olunan tədbir keçirilib.
İclasa sədrlik edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov agentliyin həmkarlar ittifaqı komitəsinin hesabat dövründə səmərəli fəaliyyət göstərdiyini, kollektivin həyatında yaxından iştirak etdiyini, əməkdaşların sosial-məişət qayğılarının həllini diqqət mərkəzində saxladığını bildirib.
Həmkarlar ittifaqı komitəsinin sədri Azər Əliyev hesabat məruzəsində vurğulayıb ki, komitə agentliyin əməkdaşlarına müxtəlif sanatoriya və istirahət mərkəzlərinə yollayışlar verib. Bundan başqa, onların Azərbaycanın bir sıra bölgələrinə səfərləri, o cümlədən Şamaxı Astrofizika Rəsədxanasına, Quba Soyqırımı Məzarlığına, Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğuna, Şirvan Milli Qoruğuna, Qobustan Milli Tarix-Bədii Qoruğuna və digər görməli yerlərə ekskursiyaları təşkil olunub. Hesabat dövründə, həmçinin komitənin dəstəyi ilə yaradıcılıq müsabiqələri və idman yarışları keçirilib.
Martın 1–də AZƏRTAC-ın yaradılmasının 97-ci ildönümü tamam olur. Bu münasibətlə kollektivi təbrik edən Aslan Aslanov agentliyin dünya informasiya məkanında mövqelərini getdikcə möhkəmləndirdiyini diqqətə çatdırıb. AZƏRTAC-ın ötən ilin noyabrında Dünya Xəbər Agentliklərinin V Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasına ev sahibliyi etməsi agentliyin həyatında çox mühüm hadisə kimi dəyərləndirilib. “AZƏRTAC hazırda hər iki mötəbər beynəlxalq media qurumuna sədrlik edir. Bu, böyük məsuliyyətdir və agentliyimiz müasir dövrdə dünya mediasının qarşılaşdığı problemlərin həllinə öz töhfəsini verməyə çalışır”, - deyə Baş direktor nailiyyətlərin davamlı olacağına, kollektivin üzərinə düşən vəzifələrin öhdəsindən bundan sonra da uğurla gələcəyinə əminliyini ifadə edib.
Sonda agentliyin bir qrup əməkdaşı mükafatlandırılıb.