REGİONLAR
AZƏRTAC-ın Uşaq Bilik Portalı “ARB Günəş” televiziyasının qonağı olub VİDEO
Xaçmaz, 25 yanvar, Elxan Yusifli, AZƏRTAC
AZƏRTAC-ın Uşaq Bilik Portalının (http://portal.azertag.az/) əməkdaşları Nigar Hüseynova və Elvira Sərdarova ölkənin ilk uşaq kanalı “ARB Günəş” televiziyasının qonağı olub. Telekanalda yayımlanan “Biz gələcəyik!” proqramının çəkilişi zamanı portal haqqında ətraflı məlumat verilib.
2013-cü ildən fəaliyyət göstərən portal müxtəlif yaş qruplarından olan uşaqlar üçün nəzərdə tutulub. Bu barədə danışan portalın redaktoru Nigar Hüseynova bildirib ki, uşaqlara tarix, mədəniyyət, elm və digər sahələr, görkəmli şəxsiyyətlər barədə zəngin materiallar təqdim olunur. “Məqsədimiz yetişməkdə olan gənc nəslin intellektual səviyyəsini və biliklərini artırmaq, uşaqlarda vətənpərvərlik hissləri, milli və ümumbəşəri dəyərlər aşılamaq, onların estetik zövqünü formalaşdırmaqdır”, - deyə N.Hüseynova vurğulayıb.
Portalda “Azərbaycan”, “Xəbərlər”, “Ensiklopediya”, “Bizi əhatə edən dünya”, “Bu maraqlıdır”, “Bilirsinizmi...”, “Nənənin sandıqçası”, “Foto” və “Video” bölmələri fəaliyyət göstərir. Həmçinin cizgi filmləri, uşaq mahnıları, laylalar, nağıllar, tapmacalar, şeir və hekayələr yerləşdirilir. Eyni zamanda, uşaqların çəkdikləri rəsmlər, yazdıqları şeirlər və inşalara da yer ayrılır.
Azərbaycan və rus dillərində fəaliyyət göstərən Uşaq Bilik Portalını “Facebook” səhifəsində də izləmək mümkündür.
Qeyd edək ki, “ARB Media Qrup”una daxil olan “ARB Günəş” 2015-ci il aprelin 1-dən şimal regionunda yayıma başlayıb. “Azerspace-1” peyki vasitəsilə yayımlanan “ARB Günəş” azyaşlı tamaşaçılarına Azərbaycan dilində cizgi filmləri, maarifləndirici proqramlar və digər maraqlı verilişlər təqdim edir.