CƏMİYYƏT
AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Quba “ASAN Həyat” Kompleksində olub VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Gənclər Günü münasibətilə AZƏRTAC-ın bir qrup gənc əməkdaşı Quba “ASAN Həyat” Kompleksində olub. Agentliyin həmkarlar ittifaqı komitəsinin dəstəyi ilə təşkil edilmiş ekskursiyanın gedişində onlar Quba “ASAN xidmət” mərkəzinin fəaliyyəti, burada yaradılan şəraitlə yaxından tanış olublar.
Ekskursiya zamanı ölkəmizin “ASAN xidmət” mərkəzlərində 11 dövlət orqanı, həmçinin özəl təşkilat və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçirildiyi diqqətə çatdırılıb. Bütün bunlar dövlət-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.
Sonra AZƏRTAC-ın gənc əməkdaşları “ASAN Həyat” Kompleksinin digər obyektlərinə - “ASAN təlim” Mərkəzi, “ABAD” Mərkəzi və “ABAD” Məktəbinə baş çəkiblər.
“ASAN təlim” Mərkəzində “ASAN xidmət” mərkəzlərində çalışan əməkdaşlara, digər dövlət orqanları və funksional xidmət əməkdaşlarına ASAN təcrübəsi əsasında formalaşmış vətəndaş axınının idarə olunması, etik davranış və digər təlimlərin keçirilməsi təmin olunur. “ABAD” Məktəbində isə xalçaçılıq, tətbiqi incəsənət və nəzəri kurslar olmaqla, üç istiqamət üzrə dərslər keçirilir. Məktəbdə şimal regionunda dekorativ-tətbiqi xalq sənətkarlığı ilə məşğul olan “ABAD”çı ailələrin sayının artırılması istiqamətində iş aparılır, təlimlər keçirilir, o cümlədən ərzaq məhsulları istehsal edən ailə təsərrüfatları üçün biznes-planlaşdırma, marketinq, maliyyə-mühasibat kimi sahələrdə nəzəri kurslar təşkil olunur. Quba “ASAN Həyat” Kompleksində kinoteatr və yay kino zalı da fəaliyyət göstərir.
Daha sonra ekskursiya iştirakçıları “ABAD Factory” İstehsalat Kompleksinə gəliblər. Məlumat verilib ki, Kompleksdə gün ərzində 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərir. Kompleksin hər istehsal sahəsində növbəlilik prinsipi əsasında 30 nəfərdən ibarət iki “ABAD”çı ailə çalışır. Onları xammalla təchiz edəcək yeni “ABAD”çıların da istehsal prosesinə qoşulması nəzərdə tutulur. Bu da, ümumilikdə, regionda yaşayan 70-80 ailənin əlavə gəlir əldə etməsinə şərait yaradacaq.
AZƏRTAC-ın həmkarlar ittifaqı komitəsi agentlik əməkdaşlarının belə maraqlı məkanlara, həmçinin ölkəmizin səfalı guşələrinə mütəmadi ekskursiya və səfərlərini təşkil edir.