REGİONLAR
AZƏRTAC-ın cəbhə bölgəsindən reportajı: Atəş altında yaşayan Qapanlı kəndi VİDEO
Tərtər, 5 aprel, AZƏRTAC
Tərtərin Qapanlı kəndi... Daim top atəşi altında olan bu yaşayış məntəqəsində düşmən mərmisinin düşmədiyi ev qalmayıb.
AZƏRTAC-ın Tərtərə ezam olmuş əməkdaşları xəbər verir ki, Qapanlı rayonun ən çox ziyan dəyən yaşayış məntəqəsidir. Ümumilikdə isə Tərtər rayonunda ermənilərin açdığı atəş 160-dan çox evə ziyan vurub.
Təkcə Qapanlı kəndində 20-dək ev tamamilə yararsız hala düşüb. Cəbhə xəttinə çox yaxın olan kəndi ermənilər hər gün, hər saat atəşə tutur. Kənd daim erməni toplarının zərbəsi altında olduğu üçün qadınlar, uşaqlar və qocalar kənddən müvəqqəti çıxarılıb. Amma Qapanlıda həyat dayanmayıb. Sakinlər kəndi tərk etmək fikrində deyil.
Zahir Cəfərov düşmənin kəndə gecə-gündüz bomba yağdırdığını deyir: “Ermənilər çarəsiz, aciz vəziyyətdədir. Ona görə də dinc əhalini, evləri vururlar. Düşmənin sonu çatıb”.
Həmid Lətifov da kənddən çıxmayıb, təsərrüfat işlərini davam etdirir. Amma burada hər anın təhlükəli olduğunu bildirir.
Elə bizim kənddə olduğumuz müddətdə artıq kənd ərazisinə mərmilər atılmağa başladığı üçün orada çox qalmaq mümkün olmadı. Bizi yola salan sakinlər dedilər: “Siz gedin, biz qalırıq. Bura bizim evimizdir”.
Qapanlı kəndinə qonşu olan Qaradağlı yaşayış məntəqəsi də erməni hərbçilərinin mütəmadi atəşinə məruz qalır. Yolda rastlaşdığımız Gülyaz nənə də heç nədən qorxmadıqlarını deyir: “Biz öz evimizdəyik və heç bir qorxumuz yoxdur. Ordumuza güvənirik”.
Kənd müəlliməsi Nərminə Əhmədova hamının kənddə olduğunu bildirdi: “Bir nəfər kimi Ali Baş Komandanımızın, ordumuzun yanındayıq”. Sevda Vəliyeva körpə uşağının olmasına baxmayaraq, evini tərk etməyib. Bu gecə kənd məktəbinə mərmi düşüb. Təhlükə yaxında olsa da, Sevda xanım doğma yurdundan çıxmaq istəmədiyini dedi: “Kənd, demək olar ki, hər saat atəşə tutulur, ermənilər mülki əhalini hədəfə alırlar”.
Balaca Ravil də heç nədən qorxmur. “Qorxmuram, çünki əsgərlərimiz güclüdür”, - deyir.