İQTİSADİYYAT
AZƏRTAC-ın əməkdaşı Ankarada beynəlxalq təlimdə iştirak edir
Ankara, 8 aprel, Elvin Camalov, AZƏRTAC
Aprelin 8-də Türkiyənin Anadolu agentliyi (AA) və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə Ankarada enerji jurnalistikası üzrə beynəlxalq təlim başlayıb.
AZƏRTAC xəbər verir ki, iki həftə davam edəcək təlimdə Azərbaycan, Ukrayna, Moldova, Venesuela, Misir, Əfqanıstan və Gürcüstandan 25 jurnalist iştirak edir.
Təlimin açılışında çıxış edən Anadolu agentliyinin Xəbər Akademiyasının koordinatorunun müavini Hayri Çetinkuş təlimin əhəmiyyəti və məqsədi barədə danışıb. Bildirib ki, təlim müddətində jurnalistlərə müxtəlif dövlət qurumları və universitetlərin nümayəndələri, eləcə də bəzi şirkətlərin təmsilçiləri enerji sahəsinə dair məlumat verəcəklər.
Anadolu agentliyinin fəaliyyətindən danışan H.Çetinkuş deyib ki, xəbər agentliyi bir çox sahə üzrə həm ölkə daxilində, həm də beynəlxalq təlimlər keçirir. O bildirib ki, ötən həftə agentliyin yaradılmasının 99-cu ildönümü qeyd olunub. Hazırda 13 dildə operativ xəbər yayan agentliyin 100-dən çox ölkədə təmsilçisi fəaliyyət göstərir. Anadolu agentliyi orta hesabla hər gün 1600 xəbər, 2300 fotomaterial, 400 videoinformasiya yayır.
AZƏRTAC-ın müxbiri Elvin Camalovun da iştirak etdiyi təlimin sonunda iştirakçılara sertifikatlar veriləcək.