İDMAN
AZƏRTAC-ın əməkdaşı Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyinə həsr edilmiş müsabiqənin qalibi olub
Bakı, 4 mart, AZƏRTAC
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti Formula 1 Azərbaycan Qran-Prisinin 5 illiyi münasibətilə məqalə, videoreportaj və foto kateqoriyaları üzrə keçirdiyi multimedia müsabiqəsinin qaliblərini mükafatlandırıb.
AZƏRTAC xəbər verir ki, BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yerli jurnalistlərin avtoidmana olan xüsusi diqqətindən məmnun qaldığını bildirib: “Hər ötən il biz yerli media nümayəndələri ilə daha sıx işləyirik, onlar üçün müxtəlif növ təlimlər və mütəxəssis görüşləri keçiririk. Bunun nəticəsində jurnalistlər arasında Formula 1-ə daha peşəkar yanaşma müşahidə olunur, həmçinin ortaya qoyulan media işlərinin keyfiyyəti də davamlı yaxşılaşır”.
“Builki müsabiqə medianın hər üç aparıcı istiqamətini əhatə edib və iştirakçılar bir-birindən məzmunlu əsərləri ilə yarışaraq həm avtoidmanı daha ətraflı işıqlandırdılar, həm də bu sahəyə yeni bir həvəs gətirdilər. İnanıram ki, müsabiqə iştirakçıları bundan əldə etdikləri stimul və xüsusi həvəslə növbəti yarışları hər dəfəkindən daha yaxşı şəkildə işıqlandırmağa nail olacaqlar”, - deyə N.Arpadarai əlavə edib.
Əməliyyat şirkətinin “Gilavar” foto-klubu ilə birgə keçirdiyi müsabiqədə iştirakçılar “trekdə” və “trekdən kənarda” mövzuları üzrə yarışıblar. “Trekdə” mövzusunda birinciliyi Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) fotoqrafı Roman İsmayılov ilə “Sputnik Azərbaycan”ın nümayəndəsi Murad Orucov bölüşüblər. Bu mövzuda ikinciliyə və üçüncülüyə müvafiq olaraq “Anadolu” xəbər agentliyinin nümayəndəsi Rəsul Rəhimov ilə müstəqil fotoqraf Vəli Şükürov yiyələniblər. “Trekdən kənarda” mövzusunun ən yaxşıları adına, müvafiq olaraq Roman İsmayılov və müstəqil fotoqraflar Nurlan Tahirli ilə Xaliq Əliyev nail olublar. Multimedia müsabiqəsinin hər bir kateqoriyası üzrə ən yaxşı nəticə göstərmiş qaliblər BŞH-nin hesabına bu il İspaniya Qran-Prisinə səfər edəcəklər.
Daha sonra məqalə və videoreportaj müsabiqələrinin qalibləri elan olub.
Tədbirin sonunda qonaqlar üçün BŞH və “Gilavar” klubunun birgə təşkilatçılığı ilə fotosərgi keçirilib. Sərgidə müsabiqəyə göndərilmiş fotolarla yanaşı, klubun Formula 1 Azərbaycan Qran-Prisi ilə bağlı təklif etdiyi ən maraqlı şəkillər ziyarətçilərə təqdim olunub. Sərgidə AZƏRTAC-ın 5 əməkdaşının şəkilləri yer alıb.