CƏMİYYƏT
AZƏRTAC-ın əməkdaşları İƏT-ə üzv ölkələrin Xəbər Agentlikləri Birliyinin vebinarında iştirak ediblər
Bakı, 17 fevral, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) təşkilatçılığı, Ərəb Uşaq və İnkişaf məsələləri Şurası, Ərəb Körfəz İnkişaf Proqramı və Ərəb Dövlətləri Liqasının dəstəyi ilə fevralın 17-də keçirilmiş vebinarda münaqişələr və cinayət hadisələri zamanı uşaqların üzləşdiyi problemlərin, uşaq əməyinin istismarına qarşı mübarizə tədbirlərinin KİV-də işıqlandırılması məsələləri müzakirə olunub.
Vebinarda İƏT-ə üzv ölkələrin milli xəbər agentliklərinin və teleradio şirkətlərinin nümayəndələri, eləcə də AZƏRTAC-ın Xarici dillərdə informasiya və beynəlxalq əlaqələr idarəsinin müdiri Süleyman İbrahimov və ərəb dilində informasiya bölməsinin müdiri Şıxəli Əliyev, ümumilikdə İƏT-ə üzv ölkələrdən 120-dən çox media işçisi və ekspert iştirak edib.
UNA-nın Baş direktorunun vəzifələrini yerinə yetirən Əhməd bin Abdullah əl-Qərni vebinar iştirakçılarını salamlayıb və müzakirə ediləcək mövzuların əhəmiyyətindən danışıb.
Daha sonra Ərəb Uşaq və İnkişaf məsələləri Şurasının Baş katibi Həsən əl-Bilavinin mühazirəsi dinlənilib. Mühazirəçi koronavirus pandemiyası, eləcə də son texnoloji yeniliklərin KİV-lərin üzərinə mühüm vəzifələr qoyduğunu qeyd edib, ortaya çıxan problemlərin həllində peşəkar medianın mühüm rol oynadığını diqqətə çatdırıb.
Baş katib əl-Bilavi ərəb ölkələrində uşaq hüquqlarının qorunması ilə bağlı həyata keçirilən tədbirlərdən danışıb, bu sahədə peşəkar medianın və seminarların əhəmiyyətini qeyd edib.
Daha sonra tədbir sual-cavab formatında davam etdirilib.
AZƏRTAC İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birləşdirən UNA-nın İcraiyyə Şurasının 12 üzvündən biridir. 1972-ci ildə təsis olunan bu media qurumunun əsas məqsədi İƏT-ə üzv ölkələr arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. UNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.