MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotoları Ermitajda nümayiş etdirilib
Sankt-Peterburq, 22 noyabr, Pərvanə Rəhimova, AZƏRTAC
Avrasiyanın gənc jurnalistlərinin XII illik “Mədəniyyətlərarası dialoq” beynəlxalq media-forumu noyabrın 22-də Sankt-Peterburqda Dövlət Ermitajında öz işini davam etdirib.
AZƏRTAC xəbər verir ki, media-forumun ikinci günü Ermitajın Baş Qərargahında “Mən burada yaşayıram” adlı beynəlxalq fotosərgi açılıb. Sərgidə Avrasiya məkanının 30 fotomüxbirinin 200 ən yaxşı işi təqdim edilib.
“Mən burada yaşayıram” fotosərgisində AZƏRTAC-ın fotomüxbirlərinin fotoları da nümayiş etdirilib. AZƏRTAC fotoqraflarının beş işi forum iştirakçılarının diqqətini cəlb edib.
Qazaxıstanın “Xabar 24” telekanalının müxbiri Mark Bryuşko AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib ki, Bakının mənzərələri və görməli yerləri sanki insanı ovsunlayaraq bu şəhərə dəvət edir. Həmkarlarından və dostlarından Bakı barəsində xoş sözlər eşitdiyini diqqətə çatdıran gənc jurnalist Azərbaycan paytaxtına gəlmək və onun barəsində süjet hazırlamaq arzusunu bildirib.
Qeyd edək ki, bu il “Mən burada yaşayıram” fotosərgisinin qalibi italiyalı fotoqraflar Mişel Sirilyonun və Emanuela Laurentinin “Transsərhəd fotolayihə: kürd gəlin” adlı fotosu olub.
Sonra media-forum öz işini “KİV-lərin Avrasiya dialoqunun ilkin şərtləri təcrübədə” mövzusunda iclasla davam etdirib.
Sonda forum iştirakçılarının birgə transsərhəd layihələri təqdim edilib.