MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının rəssamı fəxri adına layiq görülüb VİDEO
Bakı, 27 dekabr, AZƏRTAC
Azərbaycanlı fotoqraf, Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənət Federasiyasının (FIAP) rəssamı fəxri adına layiq görülüb.
FIAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Fəxri adların təsis edilməsi haqqında qərar 1954-cü ildə qəbul edilib. Bu ada əsərləri FIAP-ın himayəsi ilə keçirilən beynəlxalq müsabiqələrdə bədii və texniki sənətkarlıq baxımından tanınan fotoqraflar layiq görülür. FIAP-ın rəssamı adını almaq üçün Direktorlar Şurasının və bədii komissiyanın üzvlərinin böyük əksəriyyətinin qərarı lazımdır.
Qeyd edək ki, İlqar Cəfərovun 100-dən çox fotoqrafiya əsəri FIAP-ın himayəsi ilə dünyanın müxtəlif ölkələrinin beynəlxalq salonlarında nümayiş etdirilib. Fotoqraf 20-dən çox beynəlxalq mükafata layiq görülüb.