MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbiri beynəlxalq müsabiqənin münsiflər heyətinin tərkibində yer alıb
Bakı, 14 mart, AZƏRTAC
“Gilavar Photo Club of Azerbaijan” fotoklubunun təşkilati dəstəyi ilə üç ölkədə – Azərbaycan, Monteneqro və Şimali Makedoniyada dairəvi sistem üzrə daha bir beynəlxalq fotomüsabiqə başlayıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası və Amerika Fotoqrafiya Cəmiyyətinin xüsusi icazəsi ilə keçirilən “Spring Clicks Circuit 2019” adlı fotomüsabiqədə dünyanın istənilən yerindən hər kəs iştirak edə bilər.
Sərbəst rəngli və sərbəst ağ-qara, səyahət və təbiət mövzuları üzrə təqdim olunan fotolar Azərbaycan, Serbiya, Şimali Makedoniya və Monteneqrodan olan 9 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılacaq. Münsiflər sırasında AZƏRTAC-ın fotomüxbiri, beynəlxalq dərəcəli fotoqraflar İlqar Cəfərov və “İdman” qəzetinin fotomüxbiri Dilavər Nəcəfov da yer alıb.
Müsabiqənin ən yaxşıları medallar, xüsusi lentlər və diplomlarla mükafatlandırılacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Ümumilikdə, dörd nominasiya üzrə 507 mükafat təqdim olunacaq.
Müsabiqə haqqında ətraflı məlumatı klubun www.gilavar.net veb-saytından əldə etmək mümkündür.
Qeyd edək ki, “Gilavar Photo Club of Azerbaijan” fotoklubu tərəfindən təşkil edilən sayca 4-cü beynəlxalq fotomüsabiqədir.