MƏDƏNİYYƏT
AZƏRTAC-ın fotomüxbirinin növbəti uğuru: “LUMEN 2017” fotomüsabiqəsində gümüş medal
Bakı, 20 iyul, AZƏRTAC
AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının (FIAP) Sloveniyada keçirilən “LUMEN 2017” fotomüsabiqəsində gümüş medala layiq görülüb.
FIAP-ın təşkilati dəstəyi ilə beş ildən bir keçirilən fotomüsabiqəyə dünyanın 30-dan çox ölkəsindən fotojurnalistlərin işləri təqdim edilib. İlqar Cəfərovun mükafata layiq görülən “Trampoline” fotoşəkli 2016-cı ilin martında batut gimnastikası üzrə Dünya Kuboku yarışları zamanı Bakıda Milli Gimnastika Arenasında çəkilib.
Rusiyanın “Fotoiskusstvo” Yaradıcılıq Birliyi status və adlar haqqında əsasnaməyə müvafiq olaraq fotoqrafiya sənətindəki xidmətlərinə görə İlqar Cəfərova МАСТЕР PHOTOART fəxri adını verib.
Xatırladaq ki, keçən il AZƏRTAC-ın fotomüxbiri AFIAP - Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyasının rəssamı adına layiq görülüb.