İDMAN
AZƏRTAC-ın futbol komandası “Huawei Tərəfdaşlıq Kuboku-2017”nin dörddəbir finalına yüksəlib VİDEO
Bakı, 7 oktyabr, AZƏRTAC
Oktyabrın 7-də “Huawei Tərəfdaşlıq Kuboku-2017” uğrunda mini futbol turnirinin qrup mərhələsinin beşinci turuna start verilib. Turnirdə “A” qrupunda yer alan AZƏRTAC-ın komandası beşinci turda “Ultra” kollektivi ilə qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, “Şəfa” stadionunda oynanılan və gərgin idman mübarizəsi şəraitində keçən görüş 5:5 hesabı ilə başa çatıb. Oyunda jurnalistlərin heyətində Əfqan Poladlı və İlkin Cavanşirov dubl ediblər. Digər qolu isə Cəlal Firudinov vurub.
Beləliklə, “A” qrupunda keçirdiyi beş oyunda 8 xal toplayan AZƏRTAC-ın futbol komandası turnirin dörddəbir finalına yüksəlib.
Turnirin təşkilatçısı informasiya-kommunikasiya texnologiyaları sahəsində həllər təqdimində lider olan “Huawei” şirkətidir. “Huawei”, Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsi, AZƏRTAC, “Smartcom”, “Azerconnect A”, “Azercell”, “Norm”, “Ultra”, “Baktelekom”, “Azerconnect B”, “Faber” və “Aztelekom”u təmsil edən 12 komanda turnir çərçivəsində iki qrupda yarışır. Hər komandanın heyətinə 15 oyunçu və bir kapitan daxildir. Qruplarda ilk dörd sırada yer alan komandalar dörddəbir finala vəsiqə qazanacaqlar.
Turnirə oktyabrın 28-də yekun vurulacaq.