İDMAN
AZƏRTAC-ın minifutbol komandası Dövlət Miqrasiya Xidmətinin kollektivi ilə heç-heçə edib VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
AZƏRTAC-ın komandası ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirində növbəti oyununu keçirib. C qrupunda yer alan komandamız ikinci görüşündə Dövlət Miqrasiya Xidmətinin kollektivi ilə qarşılaşıb.
Gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşma 3:3 hesabı ilə başa çatıb. Komandamızın heyətində Balamir Əzimov dubl edib, digər qolu isə İlkin Cavanşirov vurub.
AZƏRTAC-ın komandası növbəti oyununu dekabrın 4-də Dövlət Statistika Komitəsinin kollektivinə qarşı keçirəcək.
Komandamız ilk oyunda Müdafiə Nazirliyinin kollektivinə 3:2 hesabı ilə qalib gəlib.
2023-cü il mayın 6-dək davam edəcək turnirin ilkin mərhələsində komandalar 4 qrupa bölünüb. Qrupların hər birində 13 komanda mübarizə aparır.
C qrupunda AZƏRTAC-ın komandası ilə yanaşı, Kənd Təsərrüfatı, Rəqəmsal İnkişaf və Nəqliyyat, Xarici İşlər, Müdafiə nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Statistika Komitəsi, Bakı Metropoliteni, Şəhərsalma və Arxitektura Komitəsi, Əqli Mülkiyyət Agentliyi, Dövlət Reklam Agentliyi, “Meliorasiya və Su Təsərrüfatı” ASC və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) komandaları yer alıblar.
Qrup mərhələsinə gələn il fevralın 26-da yekun vurulacaq. İlk səkkiz yeri tutan komandalar mübarizəni pley-off mərhələsində davam etdirəcək. Bu mərhələnin oyunları martın 4-26-da təşkil ediləcək. İkinci mərhələyə yüksəlmiş 16 komanda 4 qrupa bölünəcək və bu raundun oyunları aprelin 1-dən 23-dək keçiriləcək. Qrup qalibi olan komandalar “Dördlər finalı”nda iştirak hüququ qazanacaqlar.