MƏDƏNİYYƏT
AZƏRTAC-ın qonaqları Azərbaycan Xalça Muzeyi və “Atəşgah məbədi” ilə tanış olublar VİDEO
Bakı, 14 may, AZƏRTAC
AZƏRTAC-ın dəvəti ilə Bakıda səfərdə olan Böyük Britaniyanın Press Association xəbər agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski mayın 14-də Azərbaycan Xalça Muzeyində olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlar muzeyin zalları ilə tanış edilib, onlara bu mədəniyyət ocağının fəaliyyəti və strukturu haqqında məlumat verilib.
Diqqətə çatdırılıb ki, muzey binası Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə inşa olunub. Muzeyin sərgi və fondlarında 13 min 300-dən artıq eksponat və əşya saxlanılır. Onların arasında Böyük Britaniyanın “Viktoriya və Albert” muzeyində saxlanılan məşhur Şeyx Səfi xalçasının surəti də var. Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə “Azərbaycan xalça sənəti” 2010-cu ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Qonaqlar ölkəmizdə xalça istehsalından bəhs edən filmə baxıb və muzeyin xatirə kitabına ürək sözlərini yazıblar.
X X X
Daha sonra Klayv Marşal və Con Danişevski “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda olublar. Qonaqlara bu qədim abidənin tarixi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, qədim dövrlərdə bu ərazidə zərdüşti atəşpərəstlərin məbədi yerləşib. Son illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə məbədə bitişik ərazilərdə abadlıq işləri aparılıb, yardımçı binalar tikilib. Hazırda qədim atəşpərəst məbədinin qapıları yenidən ziyarətçilər üçün açıqdır və dünyanın hər yerindən bura çoxlu turistlər gəlir.