CƏMİYYƏT


AZƏRTAC-ın şəhid əməkdaşı Məhərrəm İbrahimovun xatirəsi anılıb VİDEO

Bakı, 14 iyul, AZƏRTAC

Təqvimin günləri heç də əvvəlcədən ağ və qara, sevincli və kədərli olmur. Günlərin rəngini, xarakterini yaşanan hadisələr müəyyən edir. Qırx gün əvvəl Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun tank əleyhinə minanın partlaması nəticəsində həlak olaraq şəhidlik zirvəsinə yüksəlmələri iyunun 4-nü onların ailə üzvləri, doğmaları, əzizləri və yaxınları üçün kədərli günə çevirib.

İyulun 14-də mərhum jurnalistlərin torpağa tapşırılmasının 40 günü tamam olub.

Bununla əlaqədar AZƏRTAC-ın kollektivi Məhərrəm İbrahimovun məzarını ziyarət ediblər.

AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov şəhid Məhərrəm İbrahimovun məzarı önünə əklil qoyub.

Məhərrəmin iş yoldaşları da onun məzarı üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad edib, ruhuna dualar oxuyublar.

Sonra mərhum jurnalistin evinə gedən kollektivin üzvləri xidməti vəzifəsini yerinə yetirərkən iş başında faciəvi surətdə həlak olan Məhərrəm İbrahimovun ailə üzvlərinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verib, kədərlərini bölüşüblər.

Gün ərzində həmin ünvana üz tutanların ardı-arası kəsilməyib. Mərhum jurnalistin orta məktəb, tələbə və əsgər yoldaşları, dostları, qonşuları, həmkarları onun həlak olmasından kədərlənərək, əziz xatirəsinə ehtiramlarını ifadə etmək üçün hüzn mərasiminin keçirildiyi məkana gəliblər.

Mərasimə ən müxtəlif ünvanlardan, hətta uzaq şəhər və diyarlardan gələnlər də olub. Onlardan bir neçəsi Məhərrəm İbrahimovla bağlı ürək sözlərini, xatirələrini bölüşüblər.

Məhərrəmin xatirəsini yad etmək, doğmalarına başsağlığı vermək üçün Moskvadan gələn dostu Nofəl Musayev bildirdi: “Bu hadisəni eşidən gündən özümə gələ bilmirəm. Bizim tanışlığımız vaxtilə mənim Bakıda işlədiyim ictimai-iaşə müəssisəsindən başlayıb. Məhərrəm səmimi, istiqanlı idi, ilk baxışdan xoş təəssürat oyadırdı. Onun baməzə söhbətləri, atmacaları heç vaxt yadımdan çıxmır. Məhərrəmlə bağlı xatirələrim heç vaxt unudulan deyil. Ona görə də Bakıya gələrək yaxınlarının kədərini bölüşməyi özümə borc bildim”.

Azərbaycan Televiziyasının əməkdaşı Vüsal Qaraca Məhərrəmlə cəbhəboyu zonada tanış olduğunu xatırladaraq dedi: “Heç yadımdan çıxmaz, Tovuz rayonunun sərhədboyu kəndlərindəki mövqeləri və səngərləri lentə alırdıq. Səngərdən başımı qaldırıb düşmən mövqelərinə baxmaq istədim. Elə bu vaxt başıma küt zərbə dəydi və ağrıdan səngərin içinə yıxıldım. Məhərrəm başımdan necə zərbə vurmuşdusa, xeyli müddət özümə gələ bilmədim. Sonra qolumdan tutaraq məni ayağa qaldırıb dedi: Mən də birinci dəfə başımı səngərdən qaldırmaq istəyəndə Milli Ordunun leytenantı başımdan belə bir zərbə endirmişdi. İndi mən də səni ona görə vurdum ki, səngərdə necə hərəkət etmək lazım olduğunu birdəfəlik biləsən”.

Məhərrəmin tələbə yoldaşı, Azərbaycan Televiziyasının əməkdaşı Ülviyyə Heydərli tələbəlik illərinin unudulmaz xatirələrindən danışdı: “Qrupumuzda hamı onun xətrini çox istəyirdi. Tələbə yoldaşlarımız onu ən məhrəm, xoş duyğularla xatırlayırlar. Məni ən çox təəssüfləndirən o oldu ki, Məhərrəm hər il hamımızı bir yerə yığmaq üçün çox cidd-cəhd göstərsə də, buna nail ola bilmədi. O, vəfalı, etibarlı dost idi. Onu itirdiyimizə heç cür inana bilmirik...”.

Məhərrəmlə bağlı xatirələr, söz-söhbətlər bitib-tükənmək bilmir. Cəmi 39 il ömür sürən nakam taleli bu gənc neçə-neçə qədirbilən insanların ürəklərində özünə əbədi heykəl qoyub. Hamının üzündən qəm, gözlərindən kədər oxunur. Bütün xatirələrdə Məhərrəm canlıdır, həyatsevər və şuxdur. Ölüm ondan çox-çox uzaqdır. Heç kəs də ölümü ona yaraşdırmır. Onu sevdirən, yaddaşlarda yaşadan da elə bu keyfiyyətləridir. Bu hüznlü gündə Məhərrəm İbrahimovun əbədiyaşarlılığına bir daha şahid olduq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.