MƏDƏNİYYƏT


AZƏRTAC nüfuzlu “China Daily” qəzetinin daha bir layihəsində iştirak edir

Tiencin, 22 oktyabr, AZƏRTAC

Nüfuzlu “China Daily” qəzeti Çinin Kiberməkan Administrasiyasının dəstəyi ilə “Çin ilə görüş” layihəsinin növbəti mərhələsinə başlayıb.

Əcnəbilərin Çini daha yaxından tanıması məqsədi daşıyan layihədə iştirak edən xarici media qurumları arasında Azərbaycan Dövlət İnformasiya Agentliyi –AZƏRTAC da var. Oktyabrın 22-də Çinin Tiencin şəhərində layihənin 3-cü mərhələsinin başlanması münasibətilə mərasim keçirilib. Çin rəsmilərinin, xarici media qurumlarının Çində akkreditə olunmuş nümayəndələrinin, habelə bloger və vlogerlərin iştirak etdiyi mərasimdə bildirilib ki, layihə dünya ictimaiyyətini Çinin müxtəlif sahələrdə inkişafı, ölkədə aparılan islahatlar, o cümlədən əcnəbi iş adamları üçün açıqlıq siyasəti barədə ətraflı məlumatlandırmağı hədəfləyib.

Qeyd olunub ki, layihə çərçivəsində xarici jurnalistlərin, bloger və vlogerlərin Tiencin ilə yanaşı, Sucou və Şencen şəhərlərinə, Haynan adasına səfərləri təşkil olunacaq, müxtəlif görüşlər, müzakirələr keçiriləcək.

Layihənin ilk 2 mərhələsi çərçivəsində xarici jurnalistlər, bloger və vlogerlər Şansi, Hubey, Quycou, Quansi və Fucien vilayətlərində, habelə Sincan Uyğur Muxtar Bölgəsində səfərdə olublar.

Qeyd edək ki, çap versiyası və rəqəmsal platformalar üzrə 350 milyondan çox oxucusu olan nüfuzlu “China Daily” qəzeti ilə AZƏRTAC bir neçə ildir informasiya mübadiləsi, jurnalistlərin təlimi, layihələrə qarşılıqlı dəstək də daxil olmaqla sıx əməkdaşlıq edir. Agentliyin materiallarını öz kanalları ilə mütəmadi yayan qəzet ötən müddətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlar haqqında AZƏRTAC-ın onlarla materialını öz internet səhifəsində yerləşdirib. İki ölkə arasında informasiya mübadiləsindəki fəallığına, nəşrin həyata keçirdiyi layihələrdə fəal iştirakına görə AZƏRTAC-a "China Daily"nin “Fəxri beynəlxalq media tərəfdaşı - 2019” mükafatı təqdim olunub.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Tiencin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.