SİYASƏT
AZƏRTAC və Anadolu Agentliyi birgə layihələrə maraq göstərirlər VİDEO
Bakı, 19 may, AZƏRTAC
AZƏRTAC və Anadolu Agentliyi əməkdaşlığı daha da genişləndirməkdə, eləcə də birgə layihələr həyata keçirməkdə maraqlıdırlar.
Bununla bağlı məsələlər Türkiyənin Anadolu Agentliyinin baş direktor müavini Metin Mutanoğlu və AZƏRTAC-ın baş direktoru Aslan Aslanovun görüşündə müzakirə olunub.
Baş direktor Aslan Aslanov qonaqlara son vaxtlar agentlikdə aparılan islahatlar, beynəlxalq əlaqələrin genişləndirilməsi, müasir dövrün çağırışları istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra AZƏRTAC və Anadolu Agentliyi arasında əlaqələr yüksələn xətlə inkişaf etməkdədir. Dost və qardaş ölkələrimizin aparıcı xəbər agentlikləri beynəlxalq media təşkilatlarında bir-birini daim dəstəkləyir.
Görüşdə Dünya Xəbər Agentliklərinin V Konqresinin, Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının XVI Baş Assambleyasının 2016-cı ildə AZƏRTAC-ın ev sahibliyi ilə keçirilməsi barədə qərarların qəbul edilməsinə Anadolu Agentliyinin verdiyi dəstək minnətdarlıq hissi ilə xatırlanıb. Diqqətə çatdırılıb ki, AZƏRTAC 40-dək ölkənin milli informasiya agentlikləri ilə müqavilələr imzalayıb və onlarla uğurla əməkdaşlıq edir. Bu sırada Anadolu Agentliyi xüsusi yer tutur.
Anadolu Agentliyinin baş direktor müavini Metin Mutanoğlu AZƏRTAC-ın beynəlxalq əlaqələrdə uğurlarını daim izlədiklərini, qardaş ölkənin xəbər agentliyi ilə əməkdaşlığı daha da genişləndirmək niyyətində olduqlarını vurğulayıb. Qonaq iki agentlik arasında birgə layihələrin həyata keçirilməsi, texniki yardım, təcrübə və informasiya mübadiləsi və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin önəmini qeyd edib. Anadolu Agentliyinin “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi media tərəfdaşı olan AZƏRTAC-la Oyunların işıqlandırılması və təbliğində əməkdaşlığın dərinləşməsində maraqlı olduğu bildirilib.
Tərəflər, eyni zamanda, Türkdilli Xəbər Agentlikləri Birliyinin işinin daha da canlandırılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Anadolu Agentliyinin Bakı bürosunun rəhbəri Tolqa Özgenc də iştirak edib.