SİYASƏT
AZƏRTAC və Anadolu Agentliyi birgə xəbər yayımı imkanlarına malikdir VİDEO
Bakı, 11 mart, AZƏRTAC
AZƏRTAC və Anadolu Agentliyi dünyanın müxtəlif nöqtələrindən birgə xəbər, foto və video yayımını təşkil etmək imkanlarına malikdir.
Bu fikirlər martın 11-də Türkiyənin Anadolu Agentliyinin Baş direktorunun müavini Mustafa Özkayanın başçılıq etdiyi nümayəndə heyəti ilə Azərbaycan Dövlət İnformasiya Agentliyində - AZƏRTAC-da keçirilən görüşdə səsləndirilib. Vurğulanıb ki, qardaş agentliklər, eyni zamanda, müasir dövrün tələblərinə uyğun olaraq texnoloji sahədə də sıx əməkdaşlıq etmək niyyətindədir.
AZƏRTAC-ın Baş direktoru Aslan Aslanov rəhbərlik etdiyi qurum ilə Anadolu Agentliyi arasında əlaqələrin sürətli inkişafından məmnunluq duyduğunu vurğulayıb, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Söhbət zamanı qonaqlara agentliyin fəaliyyəti və beynəlxalq əlaqələri, aparılan islahatlar barədə ətraflı məlumat verilib. Hər iki agentliyin üzv olduğu beynəlxalq alyanslarda birgə fəaliyyətin və qarşılıqlı dəstəyin davam etdirilməsinin, həmçinin ən müasir informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi vurğulanıb. Belə bir ümumi fikir ifadə olunub ki, müasir çağırışlar və dünya informasiya məkanında baş verən yeniliklər fonunda AZƏRTAC və Anadolu Agentliyi əməkdaşlıq istiqamətlərini innovasiyaların tətbiqi prinsipləri əsasında inkişaf etdirməlidirlər.
Görüşdə Anadolu Agentliyinin marketinq və biznesin inkişafı departamentinin direktoru Nedim Kaya və Bakı bürosunun rəhbəri Tolqa Özgenç iştirak ediblər.