Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRYOLSERVİS” AÇIQ SƏHMDAR CƏMİYYƏTİNİN FƏALİYYƏTİNİN TƏŞKİLİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 100 faizinin dövlətə məxsus olduğunu nəzərə alaraq, dövlətin adından səhmdar səlahiyyətlərini həyata keçirəcək icra hakimiyyəti orqanlarının fəaliyyətinin tənzimlənməsi məqsədi ilə qərara alıram:

1. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı kimi dövlətin adından aşağıdakı səlahiyyətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə həvalə edilsin:

1.1. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin strukturunun, aparatının işçilərinin say həddinin və xərclər smetasının təsdiq edilməsi;

1.2. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

1.3. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri öz vəzifəsini yerinə yetirə bilmədikdə, onun səlahiyyətlərinin müvəqqəti olaraq sədr müavinlərindən birinə həvalə edilməsi;

1.4. Azərbaycan Respublikasında və ya xarici dövlətlərdə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin filiallarının, nümayəndəliklərinin, eləcə də törəmə müəssisələrinin yaradılmasına, yenidən təşkilinə və ləğvinə, həmçinin həmin qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verilməsi;

1.5. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətindən daxil olan təkliflərə baxılması və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməsi;

1.6. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin hesabatlarına baxılması, illik hesabatların, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi və öz səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülməsi, zəruri hallarda Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

2.1. “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsini təsdiq etsin.

2.2. qüvvədə olan normativ hüquqi aktların bu Sərəncama uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri öz səlahiyyətləri daxilində həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirləri həyata keçirsinlər.

4. Bu Sərəncam dərc olunduğu gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin