İQTİSADİYYAT
AZEBİ Azərbaycanla Gürcüstan arasında iqtisadi əlaqələrin inkişafında mühüm rol oynayır
Bakı, 29 iyun, AZƏRTAC
Azərbaycanlı İş Adamları Birliyi (AZEBİ) Gürcüstanla Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirmək, azərbaycanlı iş adamlarının Gürcüstanda təşkilatlanması, üzvlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi məqsədi ilə 13 ildir ki, uğurlu fəaliyyət göstərir. Eyni zamanda, müxtəlif sektorların təmsilçilərini bir araya gətirərək çox sayda sahibkarın maraqlarını təmsil edir və qoruyur.
AZƏRTAC xəbər verir ki, bu sözləri AZEBİ-nin İdarə Heyətinin sədri Nəriman Qurbanov Bakıda keçirilən Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.
Qurumun fəaliyyəti barədə təqdimatla çıxış edən N.Qurbanov deyib ki, bu gün AZEBİ-nin ətrafında 50-dən çox üzv və tərəfdaş şirkət var.
Bildirilib ki, AZEBİ Gürcüstan və Azərbaycan arasında ticarət və investisiya, o cümlədən üzv şirkətlər tərəfindən dövlət, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək iş mühitinin inkişafında qabaqcıl sıralarındadır. Üzvlərin sayını artırmaq, onlar arasında həmrəyliyi inkişaf etdirmək, Gürcüstandakı azərbaycanlıların sahibkarlığını təşviq etmək də AZEBİ-nin missiyamızın tərkib hissəsidir.
AZEBİ fəaliyyətində yerli və xarici biznes təşkilatlarla sıx əməkdaşlığa üstünlük verir. Bu məqsədlə də qurum hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı inkişaf etdirmək, Gürcüstan azərbaycanlılarının sahibkarlığını təşviq etmək, eləcə də, ölkələrimiz arasında ticarət və investisiyanın, üzv şirkətlərin dövlətlə, yerli və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq vasitəsilə iş mühitinin inkişaf etməsinə dəstək olmuşdur.
AZEBİ Gürcüstanda, eləcə də Azərbaycanda dövlət və biznes assosiasiyaları ilə sıx iş birliyi qurmaq istiqamətində fəaliyyətini davam etdirir.
N.Qurbanov Gürcüstanda aparıcı biznes assosiasiyaların rəhbərləri ilə keçirdiyi görüşlər, imzalanan memorandumlar, habelə AZEBİ-nin Gürcüstanda həyata keçirdiyi bir sıra sosial layihələr, tələbələrin işlə təmin olunmasına göstərdiyi dəstək barədə məlumat verib.
Sonda natiq qeyd edib ki, maraqlı şəxslər və qurumlar Gürcüstanda şirkət qeydiyyatı, hüquq və vergi konsultasiyası üçün AZEBİ-yə müraciət edə bilərlər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi