SİYASƏT
“AZERBAYDJAN İ ZAKONNOST” YENİ QƏZETDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, təsisçi və baş redaktor, Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndəsi, hüquq elmləri doktoru İntiqam Zeynalov yeni nəşr barədə məlumat vermişdir. O demişdir ki, məqsədimiz rusdilli oxuculara müstəqil Azərbaycanın həyatı barədə ətraflı məlumat verməkdir. Qəzet dünyanın 25 dövlətində, o cümlədən MDB ölkələrində yayılacaqdır.
Baş redaktor bildirmişdir ki, ilk nömrə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Rusiya, Ukrayna, Belarusdakı Azərbaycan diasporunun, qəzetin ictimai şurasının üzvlərinin köməyi ilə işıq üzü görmüşdür. Şuranın tərkibi Azərbaycanda və onun hüdudlarından kənarda da yaxşı tanınan ziyalılardan ibarətdir. 40 min nüsxəlik “Azerbaydjan i zakonnost” Bakı, Moskva, Sankt-Peterburq, Kiyev, Nijni Novqorod, Samara və Rostovda nəşr olunacaqdır. İlk nömrənin 1000 nüsxəsi “Çaşıoğlu” mətbəəsinin vəsaiti hesabına çap edilmişdir.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, siyasi elmlər doktoru Rövşən Mustafayev, Bakı Slavyan Universitetinin professoru Rafiq Manafoğlu, akademiklər Budaq Budaqov, Ziyad Səmədzadə, SSRİ xalq artisti Lütfiyar İmanov, Azərbaycandakı rus icmasının nümayəndəsi Lyudmila Jukova və başqaları yaradıcı kollektivi təbrik etmiş, ona uğurlar arzulamışlar.