İDMAN
“AZERCELL-TELECOM” TÜSİAB-IN KEÇİRDİYİ BEŞİNCİ MİNİ-FUTBOL TURNİRİNİN QALİBİ OLMUŞDUR
TÜSİAB üzvləri arasında birlik, bərabərlik və dostluq əlaqələrini daha da möhkəmləndirmək, onların asudə vaxtlarını səmərəli keçirmək və Azərbaycanda futbolun kütləviliyinə nail olmaq məqsədi ilə keçirilən turnir, bu dəfə TÜSİAB-ın yaradılmasının 13-cü ildönümünə həsr edilmişdir.
Bu ilki turnirdə TÜSİAB üzvü olan 11 şirkət iştirak etmişdir. Gərgin mübarizə şəraitində keçən final oyununda «Makro 2000 Group» komandasına 2:1 hesabı ilə qalib gələn «Azercell-Telecom» komandası artıq ikinci dəfə TÜSİAB kubokunu qazanmışdır.
İlk iki yeri tutan komandalara TÜSİAB-ın kuboku və plaket, bütün oyunçulara sertifikatlar və müxtəlif hədiyyələr təqdim edilmişdir.
Müxtəlif nominasiyalarda təsis edilən hədiyyələr də öz sahiblərinə təqdim edilmişdir. Turnirin «Ən məhsuldar oyunçusu» adını «Makro 2000 Group» şirkətindən Erdehan Ökten, «Ən centlmen oyunçu» - «Spark Beton»dan Kənan İmanquliyev, «Ən gənc oyunçu» - «Makro 2000 Group»dan Doğan Acar, «Ən yaxşı qapıçı» adını isə «Aselsan»dan Fəqan Kərimov qazanmışlar.
Turnirin təşkili və oyunların idarə edilməsinə yaxından kömək göstərən AFFA rəsmiləri və hakimlər briqadası, o cümlədən turnir iştirakçılarının sağlamlığını qoruyan «Türk-American Medical Center»in tibb işçiləri də təşkilatçılar tərəfindən unudulmamışlar.
Final oyunundan sonra keçirilən təntənəli mərasimdə turnirə sponsorluq edən «Aromel», «Dagi», «Büyükfırat», «Queen Eğlence Merkezi», «NİL Ltd», «Berteks», «Kyocera», «Arçelik» ve «Süvari» şirkətlərinə də təşəkkürlər bildirilmişdir.