İQTİSADİYYAT
“AZER.NET” ŞİRKƏTLƏR QRUPU BAKUTEL-2004 SƏRGİSİNDƏ İŞTİRAK EDƏCƏKDİR
“Azer.Net”dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, dörd gün davam edəcək sərgiyə gələnlər şirkətlər qrupunun fəaliyyəti ilə tanış olmaq və sərgi ilə bağlı keçirilən kampaniyalardan faydalanmaq imkanı qazanacaqlar. “Azer.Net”ə daxil olan AzerHost şirkəti onlara pulsuz olaraq 2 MB həcmində hostinq və gen.az domeni hədiyyə edəcəkdir. Sərgidə milli kompüterdən olan “Lapp” markasının Azərbaycanda ilk dəfə yüksək sürətli, 3 qiqahertslik prosessorlara malik fərdi kompüter və laptopların təqdimatı olacaqdır. Bundan əlavə, “LAPP computers” şirkəti sərgi çərçivəsində geniş hədiyyələr kampaniyası keçirəcəkdir.
“Azer.Net” tərəfindən yaradılmış və Azərbaycan dilində yeganə Ofis proqramlarının dəsti olan OpenOffice.Org.Az proqram təminatı təqdim ediləcəkdir.
Sərgidə iştiraka həsr olunmuş “AZER.NET PRESS” nəşrinin ilk nömrəsi işıq üzü görəcəkdir. Bu nömrədə “Azer.Net”in fəaliyyətinə və müxtəlif layihələrinə həsr olunmuş materiallar, habelə İKT xəbərləri və maraqlı məqalələr veriləcəkdir. Nəşr sərgidə pulsuz yayılacaqdır.
Sərgidə iştirak etmək istəyənlər “Azer.Net”dən dəvətnamə ala bilərlər.