İQTİSADİYYAT
AZLAB” SC-NİN TƏMƏLİNİ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEV QOYMUŞDUR BU HƏM DƏ MÜSTƏQİLLİYİMİZİN REAL BƏHRƏSİDİR
“Azlab” (Azərbaycan laboratoriyası) SC “Azneft” İstehsalat Birliyi ilə “Şlümberje” ABŞ şirkətinin təsis etdiyi birgə müəssisədir. 1996-cı ildə keçirilən neft-qaz sərgisində iştirak edən ümummilli liderimiz Heydər Əliyevin təklifi ilə Norveç hökuməti respublikamıza müasir tipli tədqiqat avadanlığı bağışlamışdı və möhtərəm Heydər Əliyev mükəmməl bir laboratoriyanın yaradılmasını arzulamışdı. Bu gün onun arzusu yerinə yetirilmişdir.
İndi strateji əhəmiyyətli bu laboratoriyada tədqiqat məqsədi ilə “Azəri” yatağında qazılan neft quyularının müxtəlif laylarından götürülmüş süxur nümünələri saxlanılır. Bundan sonra qazılacaq quyuların yeri, neftlı-qazlı layların dərinliyi və onların məhsuldarlığı barədə qabaqcadan düzgün məlumat almaqda, milyon manatlarla vəsaitə qənaət etməkdə bu nümunələrin tədqiqinin müstəsna əhəmiyyəti olacaqdır. Hələlik, burada Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti ilə bağlanmış müqaviləyə əsasən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə qazılan quyuların süxurları tədqiq olunur. Yerli neft-qazçıxarma müəssisələrinin laboratoriya ilə sıx əlaqə yaratması istiqamətində məqsədyönlü iş aparılır.
Kompleks Geoloji Kəşfiyyat və Topoqrafiya İdarəsinin həyətində tikilmiş “Azlab”ın ilkin və geoloji tədqiqat laboratoriyaları, eləcə də süxurların saxlanma kompleksi müasir tələblərə cavab verən ən son modelli tədqiqat cihazları ilə təchiz olunmuşdur. Burada lokal kompüter şəbəkəsi fəaliyyət göstərir. İşçilər üçün hər cür şərait yaradılmışdır.
Mərasimdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Xoşbəxt Yusifzadə 50-ci illərdəki neft sənayesinin süxurların tədqiqatı sahəsindəki çətinliklərdən danışaraq qeyd etdi ki, Heydər Əliyev olmasaydı müstəqil Azərbaycan olmazdı, müstəqil Azərbaycan olmasaydı bügünkü sosial –iqtisadi inkişaf olmazdı və belə bir laboratoriya yaranmazdı. Bu tədqiqat mərkəzi gələcək nəsillər üçün də ən gözəl hədiyyədir.
“Azneft” İstehsalat Birliyinin baş direktoru Yavər Camalov son 10 ildə sənaye məhsulu həcminin 5,8 faiz, kapital qoyuluşuna cəlb olunan sərmayələrin 70,9 faiz artdığını və bunların ölkəmizdə yaradılmış ictimai-siyasi sabitliyin bəhrəsi olduğunu bildirdi. O, Azərbaycanda həyata keçirilən irimiqyaslı neft layihələrindən və hər sahədə irəliyə doğru atılan inamlı addımlardan danışdı.
bp-Azərbaycan şirkətinin prezidenti Devid Vudvord “Azlab” SC ilə 20 il müddətinə müqavilə bağladıqlarını və ən yüksək beynəlxalq standartlara cavab verən bu laboratoriyanın fəaliyyətinə böyük əhəmiyyət verdiyini vurğuladı.
“Şlümberje” şirkətinin baş meneceri Aleks Makkey “Azlab”ın bütün Xəzər regionu üçün etibarlı geoloji tədqiqat mənbəyi olduğunu bildirdi, bu nəhəng tədqiqat ocağının açılışı münasibətilə Azərbaycan neftçilərini təbrik etdi.
Sonra Xoşbəxt Yusifzadə kompleksin qırmızı lentini kəsdi. Mərasim iştirakçıları laboratoriyalarla tanış oldular. “Azlab” SC-nin baş meneceri Rəfiqə Hüseynzadə videofilm vasitəsilə süxurların saxlanma şəraiti və tədqiqat prosesi barədə ətraflı məlumat verdi.