REGİONLAR


“AZLİNG2021- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfrans keçirilib

Neftçala , 5 sentyabr, AZƏRTAC

Neftçala rayonunun dilçi alimlərinin və Neftçala rayon Heydər Əliyev Mərkəzinin təşəbbüs və təşkilatçılığı ilə “AZLİNG2021- Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” adlı elmi konfrans keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mövcud pandemiya şəraitini nəzərə alaraq onlayn formatda keçirilən elmi konfransda Azərbaycanın tanınmış dilçi alimləri ilə bərabər xarici ölkələrdən olan alimləri və gənc tədqiqatçılar də iştirak ediblər.

Qeyd edək ki, elmi konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 1 noyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq keçirilib.

Konfransı giriş sözü ilə açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova qeyd edib ki, bugünkü konfrans çox vacib bir mövzuya həsr olunub və qloballaşan dünyamızda doğma dilimizin qorunub saxlanması qarşımızda dayanan ən vacib vəzifələrdən biridir.

Konfransda videoformatda Milli Məclisin deputatı, Xalq yazıçısı Sabir Rüstəmxanlı və AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxış edərək müasir dünya dilçilik elminin inkişafı fonunda doğma ana dilinin tədqiqatına verdikləri töhfələrə görə elm xadimlərinə təşəkkür edərək konfransın keçirilməsini müsbət qiymətləndirərək iştirakçılara uğurlar arzulayıblar.

Tədbirdə fəxri qonaq qismində Pekin Xarici Dillər Universitetinin Asiya fakültəsi Türk dili kafedrasının müdiri, tanınmış çinli türkşünas-qorqudşünas alim, professor Lyu Gao, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva və Xəzər Universitetinin təsisçisi, professor Hamlet İsaxanlının məruzələri dinlənilib.

Çinli professor elmi məruzəsində qədim türk dillərində müvafiq qrammatik hadisələrin müqayisəli təhlilini dinləyicilərin diqqətinə çatdırıb.

Professor Sevinc Əliyevanın təqdimatında kütləvi informasiya vasitələrində Azərbaycan dilinin normalarının qorunması vurğulanıb, mövcud problemlərin aradan qaldırılma yolları araşdırılıb.

Professor Hamlet İsaxanlı dilin ictimai bir hadisə kimi fəlsəfi aspektlərinə toxunub və müasir dilçilik tədqiqatlarında fəlsəfi baxışların önəmini vurğulayıb.

Daha sonra konfrans panel iclaslarla davam edib. AMEA Nəsimi adına Dilçilik İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu, Bakı Dövlət Universiteti, Azərbaycan Respublikası Təhsil İnstitutu, Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dillər Universiteti, Bakı Avrasiya Universiteti, Pekin Xarici Dillər Universiteti, Avstraliyanın Svinbörm Texnologiya Universitetinin alimləri, gənc tədqiqatçıları və doktorantları ümumilikdə 21 elmi məruzə ilə çıxış ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib, konfransın materiallarından ibarət xatirə jurnalının tərtib olunması və “AZLİNG2022” konfransının növbəti ildə keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.