İQTİSADİYYAT
“AZNEFT” İB-NİN YENİ BAŞ DİREKTORU TƏQDİM OLUNMUŞDUR
Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, martın 15-də “Azneft” İstehsalat Birliyində toplantı olmuşdur. ARDNŞ prezidenti Rövnəq Abdullayev neftçiləri qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Daha sonra o, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyasından, neft-qaz sənayesinin nailiyyətlərindən, ötən il qazanılan uğurlardan, eləcə də cari ildə qarşıda duran vəzifələrdən danışmışdır.
ARDNŞ-in müasir tələblərə cavab verən bir quruma çevrilməsi üçün son illər şirkətdə aparılan struktur islahatlarının zərurətindən bəhs edən R.Abdullayev əmin olduğunu bildirmişdir ki, şirkətin idarəetmə mexanizmində beynəlxalq standartlara uyğun yeniliklər bütün bölmələrin, o cümlədən “Azneft” İB-nin gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək, kollektiv neft strategiyasının uğurla həyata keçirilməsi, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün bundan sonra səylərini daha da artıracaqdır.
Şirkətin prezidenti birliyin yeni baş direktoru Səbuhi Əhmədovu kollektivə təqdim etmişdir. Bu vəzifəyə təyin olunanadək S.Əhmədov “Balaxanıneft” Neft və Qaz Çıxarma İdarəsinin rəisi vəzifəsində çalışırdı.