İQTİSADİYYAT
“AZPETROL” ACARISTANLA ƏMƏKDAŞLIĞI İNKİŞAF ETDİRİR
AZƏRTAC-ın müxbiri Batumidən xəbər verir ki, “Azpetrol” neft şirkətinin direktoru Rafiq Əliyev başda olmaqla nümayəndə heyəti buraya gələrək, Acarıstanın başçısı Aslan Abaşidze, habelə yerli biznesmenlərlə danışıqlar aparmışdır. Danışıqlarda tərəflər Gürcüstanın bu muxtar qurumu ilə əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəlmişlər.
R.Əliyev başçılıq etdiyi şirkət barədə məlumat verərək bildirmişdir ki, “Azpetrol” Qazaxıstan və Türkmənistanın neft və neft məhsullarının Xəzər dənizi, Azərbaycan və Gürcüstan əraziləri, dəmir yolu ilə Batumi limanına daşınması ilə məşğul olur. Ona görə də qarşılıqlı fəaliyyəti dərinləşdirmək məsələlərinin bir daha müzakirə edilməsi üçün Acarıstanın iqtisadi potensialı ilə tanış olmaq vacibdir.
“Azpetrol”un direktoru demişdir ki, “şirkətin neft məhsullarının Transqafqaz dəhlizilə daşınması ilə məşğul olması Gürcüstanla Azərbaycan arasında, eləcə də Acarıstanla Azərbaycan arasında əlaqələrin genişlənməsinə təkan verəcəkdir”.