İQTİSADİYYAT
AZPROMO "Listinq Məsləhət Proqramı"na qoşulub
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – "Listinq Məsləhət Proqramı" (LMP) üzrə əməkdaşlıq haqqında kollektiv sazişə qoşulub.
Bakı Fond Birjasından (BFB) AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar sentyabrın 25-də qurumun idarə heyətinin sədri Vüqar Namazov və AZPROMO-nun rəhbəri Rüfət Məmmədov "Listinq Məsləhət Proqramı"na qoşulma haqqında saziş imzalayıb və bu münasibətlə BFB-də "Açılış zəngi" mərasimi keçirilib.
Əməkdaşlıq haqqında sazişə əsasən, LMP-na qoşulmuş şirkətlərin AZPROMO-nun müvafiq kataloqlarına daxil edilməsi, eyni zamanda, mövcud şirkətlərin Bakı Fond Birjası ilə əlaqələndirilməsi, xarici investor bazarına çıxışın təmin edilməsi, eləcə də xarici investorların ölkənin qeyri-neft sektorunun inkişafına cəlbi istiqamətində potensial investorların müəyyənləşdirilməsi, biznes mühitinin təkmilləşdirilməsi, BFB vasitəsilə kapital bazarlarına xarici investorların cəlb edilməsi həyata keçiriləcək.
BFB-nin idarə heyətinin sədri Vüqar Namazov AZPROMO ilə əməkdaşlıq əlaqələrinin qurulmasının və bu sahədə qarşılıqlı səylərin birləşdirilməsinin yerli bazara müsbət təsir göstərəcəyinə inandığını bildirib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov ölkəmizə xarici investorların cəlb edilməsi, həmçinin yerli ixracla məşğul olan şirkətlərin istehsal potensialının artırılması üçün investisiyaların vacibliyindən danışıb. O, BFB ilə imzalanan sazişin bu istiqamətdə qarşıya qoyulan hədəflərə çatmağa xidmət edəcəyinə əminliyini ifadə edib.
LMP layihəsinin AZPROMO da daxil olmaqla hazırda 14 tərəfdaşı mövcuddur: "KPMG", "Baker&Tilly", "PwC", "RSM Azərbaycan" , "EY", "Dentons", "Baker&McKenzie", "LAN Law Chambers" şirkətlərinin Azərbaycan ofisləri, Yüksək Texnologiyalar Parkı, investisiya şirkətləri olan "PAŞA Kapital" MMC, "İnvest-AZ" MMC, "AzFinance İnvest" MMC və "Unicapital" ASC.
"Listinq Məsləhət Proqramı" listinqin və kapital bazarlarının təşviqi, şirkətlərdə korporativ idarəetmənin tətbiqi, kapital bazarı alətləri vasitəsilə yerli şirkətlərə investisiyaların cəlb edilməsi istiqamətində həyata keçirilir.