İQTİSADİYYAT
AZPROMO ilə ZOODEL arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
Bakı, 23 sentyabr, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə ZOODEL beynəlxalq elektron ticarət portalı arasında birgə əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, AZPROMO-nun təşkilatçılığı ilə "İpək Yolu ölkələrinə Azərbaycanın ixrac potensialı" mövzusunda təqdimat keçirilib. Tədbirdə kənd təsərrüfatı, qida sənayesi, tikinti, əczaçılıq, İKT və digər sahələrdə fəaliyyət göstərən 30-a qədər yerli şirkətin nümayəndəsi iştirak edib.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində görülən tədbirlər, özəl sektorun inkişafının stimullaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan" brendinin və xarici investisiyaların təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib.
ZOODEL beynəlxalq elektron ticarət portalının MDB ölkələri üzrə direktoru Sardor Məhəmmədəli portalın fəaliyyətinə dair təqdimatla çıxış edib.
Qeyd edək ki, ZOODEL MDB ölkələrində fəaliyyət göstərən şirkətlərin "İpək Yolu" ölkələrinə ixracını asanlaşdıran elektron ticarət portalıdır. Portal istifadəçilərinə ixracın inkişafına dair təlimlər və konfranslarda iştirakı, məhsulun portalda 6 dildə təqdim olunmasını, 15 ölkədə keçirilən tenderlər barədə məlumatları təklif edir. Həmçinin istifadəçilər barədə mütəmadi olaraq xüsusi kataloqlar hazırlanır və beynəlxalq tədbirlərdə yayılır. ZOODEL Azərbaycan sahibkarlarına 6 ay portaldan ödənişsiz istifadə etməyi təklif edir.