İQTİSADİYYAT
AZPROMO pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
Bakı, 22 yanvar, AZƏRTAC
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, ixracın şaxələndirilməsi, ixrac potensialının artırılması, satış üçün yeni bazarların araşdırılması istiqamətində dövlətimizin başçısının tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) aidiyyəti dövlət orqanları ilə əməkdaşlıq çərçivəsində tədbirləri davam etdirirlər. Kənd təsərrüfatı məhsulları ixracında xüsusi çəkisi olan pomidorun xarici bazarlara çıxarılmasına dəstəyin göstərilməsi məqsədilə bu sahədə fəaliyyət göstərən və ixracda maraqlı olan sahibkarların AZPROMO-ya müraciət etməsi tövsiyə olunur.