MƏDƏNİYYƏT
AZTA ölkənin turizm potensialının təbliğində incəsənət nümayəndələri ilə əməkdaşlığa başlayıb
Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan Turizm Assosiasiyası (AZTA) ölkənin turizm potensialının təbliğində yeni mərhələyə qədəm qoyub.
AZTA-dan AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə assosiasiya incəsənət nümayəndələri ilə əməkdaşlığa başlayır. Belə ki, assosiasiya ilk dəfə olaraq məşhur ukraynalı müğənni Bojena Dar və “Aviator” qrupunun Bakıda klip çəkilişlərinin təşkilatçısı olub. Assosiasiya ifaçıların istəklərini nəzərə alaraq, iki klipin çəkilişlərinin aparılması üçün xüsusi icazələr alıb. İlk klip “Невеста” (Gəlin) Heydər Əliyev Mərkəzinin ətrafında və Dənizkənarı Milli Parkın ərazisində çəkilib və təqdimatı keçirilib.
Ukraynalı müğənninin daha bir klipi isə İçərişəhər və Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində çəkilib və bu klipin gələn ilin fevralında təqdimatı olacaq.
AZTA-nın rəhbəri Nahid Bağırov yeni turizm təbliğatı vasitəsi kimi istifadə olunacaq incəsənət nümayəndələri ilə gələcək əməkdaşlığın uğurlu olacağını qeyd edib. “Musiqinin dilindən asılı olmayaraq bütün dünyada sevilməsini və sürətlə yayılmasını nəzərə alaraq tətbiq edəcəyimiz vasitə daha dəqiq təbliğat forması olacaq və geniş auditoriya qazana biləcək. Çünki insanlar təqdim olunan kliplər vasitəsilə ölkənin turistlər üçün maraqlı ola biləcək yerlərini görə biləcək və təbii ki, bu yerləri görmək üçün turist olaraq Azərbaycanı ziyarət etmək, daha yaxından görmək və tanımaq istəyəcək”, - deyə Nahid Bağırov söyləyib.