İDMAN
AZYAŞLI HƏMYERLİMİZ BEYNƏLXALQ TURNİRİN QALİBİ OLMUŞDUR
Həmyerlimiz Nicat Abbasov şahmatçıların Fransanın Banyo şəhərində iyunun 29-dan iyulun 4-nə kimi keçirilən 25-ci açıq turnirinin səkkizyaşlılar qrupunda birinci yeri tutmuşdur. İsveçrə sistemi ilə keçirilən həmin turnirdə altı ölkəni təmsil edən 8-16 yaşlı 80 şahmatçı qələbə uğrunda mübarizə aparmışdır. T.İsmayılov adına riyaziyyat-informatika təmayüllü məktəbin şagirdi, Olimpiya ehtiyatlı ixtisaslaşmış uşaq-gənclər şahmat məktəbinin məşqiçisi Bəhruz Qurbanovun yetirməsi olan Nicat Abbasov 6 mümkün xaldan 3,5 xal toplayaraq turnirin kubokunu qazanmışdır. Kiçik yaşlı soydaşımız keçirdiyi 6 oyunun 3-nü udmuş, birini heç-heçə oynamış, ikisində isə məğlub olmuşdur. Nicat həm də 3-dən artıq xal toplayan ən kiçik şahmatçi üçün nəzərdə tutlan mükafata-şahmat saatına və kitablara da layiq görülmüşdür. Ölkəmizi təmsil edən digər 9 yaşlı şahmatçı Murad Zamanov isə ona göstərilən etimadı doğrulda bilməmişdir. Ölkəmizin Fransadakı fövqəladə və səlahiyyətli səfiri Eleonora Hüseynova Nicat Abbasovu qəbul etmiş, gərgin mübarizə şəraitində ölkəmizin idman şərəfini ləyaqətlə qoruyaraq birinci yeri tutduğuna görə onu təbrik etmiş, dərsləri ilə maraqlanmış, gələcək yarışlarda uğurlar arzulamışdır.