REGİONLAR
A Yel baba, Yel baba, qurban sənə gəl, baba... VİDEO
Lənkəran, 7 mart, İsmayıl Cəfərli, AZƏRTAC
Novruz bayramına sayılı günlər qalıb. Bu bayramın özünəməxsus xüsusiyyətlərindən biri də onun çərşənbələridir. Xalqımız Su və Od çərşənbələrindən sonra bu gün ilaxır çərşənbələrdən üçüncüsünü - Yel çərşənbəsini qeyd edir.
AZƏRTAC xəbər verir ki, Yel çərşənbəsinə el arasında “Külək oyadan çərşənbə”, “Yelli çərşənbə” də deyilir. Boz ay bu çərşənbə ilə yaza təslim olduğunu anlayır və təbiətin diriləcəyi gün bizə daha da yaxınlaşır. Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin müxtəlif istiqamətlərdə dəyişməsi havanın təmizlənməsi kimi qəbul edilir. Əsən külək suyu, odu hərəkətə gətirir.
Filologiya elmləri doktoru, professor, Əməkdar müəllim Yadulla Ağazadə deyir ki, əski inanca görə, Yel çərşənbəsində külək dörd formada - qara, ağ, göy və qırmızı libaslarda yaranır. Bunların hərəsinin özünəməxsus mənası var: “Yel çərşənbəsinin daha bir əlaməti ondan ibarətdir ki, külək bir növ od ünsürü ilə birləşərək insanları, təbiəti hərəkətə gətirir. Məsələn, yola saldığımız Su və Od çərşənbələrində sanki durğunluq, sakitlik var. Bu çərşənbə isə özündə dinamikliyi, hərəkətliliyi ehtiva edir. Yəni, Yel çərşənbəsi həm də ilahi bir qüvvə kimi çıxış edir, təbiəti oyadır, insanları yeni həyata, bahara hazırlayır”.
Bu çərşənbədə axşam tonqallar qalanır, odun ətrafına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməniyə qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.
Yadulla Ağazadə bildirir ki, bu çərşənbə ilə bağlı illərin sınağından çıxaraq özünü doğrultmuş xalq hikmətləri, atalar sözləri də var: Yel əsib, qoz tökülüb. Yelə verdiyin düşmənə qismət olar. Yelə qoşulan çox uzağa getməz. Yel aparan yelin olsun, yerdə qalan mənim olsun. Yelin işi elnən deyil, külnəndi. Küləklə yatanın cin atı olar. Yelin zarafatı qovmaqla başlanır...
“Yel” şifahi xalq ədəbiyyatımızdan müasir ədəbiyyatımıza kimi əksər nümunələrdə öz əksini tapmışdır. Həmsöhbətimiz deyir ki, xalq bədii nümunələrində və inanclarda müxtəlif mənalarda işlənən “yel” kainatın yaradılmasında əsas yer tutan dörd ünsürdən biridir. Mövsüm nəğmələri içərisində də yel haqqında bədii nümunələrə rast gəlinir:
A Yel baba, Yel baba,
Qurban sənə gəl, baba.
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A Yel baba, Yel baba,
Qurban sənə gəl, baba.
Ədəbiyyatşünas, filoloq Münasib Nuriyev isə deyir ki, Azərbaycan ədəbiyyatında qədim zamanlardan müasir dövrümüzə qədər müxtəlif şairlərimiz Novruz bayramına, o cümlədən Yel çərşənbəsinə toxunublar: “Mən onların içərisində Məhəmmədhüseyn Şəhriyarın “Heydər babaya salam” poemasını misal çəkə bilərəm. Bu poema ilə tanış olan hər bir şəxs Novruzla bağlı ən xırda detalları belə orada görə bilər. Bu gün biz Yel çərşənbəsini qeyd edirik. İsti və soyuq küləyin bir-birini əvəz etməsi həyatın dirçəlməsi anlamına gəlir. Poemadakı “bir uçaydım bir çırpınan yeliynən” misrası küləyin, havanın insan həyatında, təbiətin formalaşmasında nə cür əhəmiyyətə malik olduğunu aydın göstərir. Bu cür nümunələr çoxdur”.
Qeyd edək ki, martın 14-də ilaxır çərşənbələrin axırıncısı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı martın 20-sidir.
Bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.