CƏMİYYƏT
“Abad həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyətin açılışı olub VİDEO
Bakı, 28 oktyabr, AZƏRTAC
Paytaxtın Nəsimi rayonunda küçə və parkların, məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidən qurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, həyata keçirilən silsilə tədbirlər çərçivəsində minə yaxın sakinin yaşadığı 4 girişli, 5 mərtəbəli olmaqla, Mir Cəlal küçəsi 42 saylı binada və ətraf ərazidə abadlıq, quruculuq işləri başa çatdırılaraq həyət sakinlərin istifadəsinə verilib.
Hazırlanmış layihəyə uyğun olaraq Mir Cəlal küçəsi 42 saylı binanın fasadı və dam örtüyü əsaslı təmir edilib, yeni yağış suları axıdan borular və navalçalar quraşdırılıb, 4 ədəd giriş qapısı və 16 ədəd pilləkən qəfəslərinin pəncərələri dəyişdirilib. Binanın giriş pilləkənləri aqlay daşla üzlənib. Bina sakinlərinin mərkəzi yola çıxışlarının pilləkənləri əsaslı təmir edilib.
Görülmüş işlər çərçivəsində binanın həyətinə 3000 kvadratmetr asfalt örtüyü, 300 kvadratmetr tamet daşı vurulub, 200 poqonometrdən artıq yeni bardürlər qoyulub, 150 poqonometr istinad divarı hörülüb. Həyətdə zəbt olunmuş sahələr əhalinin ümumi istifadəsinə qaytarılmış, sakinlərin avtomobillərini saxlamaları üçün parklanma yerləri təşkil olunub.
Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri və idman qurğuları quraşdırılıb.
Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, məhəllədə yeni yaşıllıq zolağı salınıb, müxtəlif növ gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub. Həyətdə 3 nöqtədə işıqlandırma sistemləri, kiçiktutumlu zibil konteynerləri, quş yuvaları və sahibsiz heyvanlar üçün evlər quraşdırılıb.
Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri dövlətimizin başçısına dərin minnətdarlıqlarını bildiriblər.
Hazırda rayonun daha bir neçə ünvanında abadlıq-quruculuq və yenidənqurma işləri aparılır.